Azərbaycan Premyer Liqasının 17-ci turunda turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Qəbələ" "Sumqayıt"la qarşılaşacaq. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" turun ilk oyun günündə meydana çıxacaq. Bu qarşılaşma Sumqayıtda baş tutacaq.
 
Bu, iki komanda arasında 41-ci duel  olacaq. İndiyədək rəqiblər arasında 40 qarşılaşma keçirilib. Əvvəlki oyunlarda "Qəbələ" böyük üstünlüyə malikdir. Aktivində 23 qələbə olan bu komanda 12 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 61-29. "Qırmızı-qaralar"ın heyətində "Sumqayıt"la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir. 
 
Premyer Liqa çərçivəsində baş tutan 37 görüşdə 21 dəfə üç xal qazanan "Qəbələ" 11 sülhə nail olub. "Sumqayıt" isə 5 dəfə qalib gəlib. çempionatdakı top fərqi 58-28-dir.
 
Səfər matçlarında da üstünlüyə malik olan "qırmızı-qaralar" rəqib meydanındakı 19 oyunda 8 dəfə qalib gəlib. 7 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 24 top vuran "Qəbələ" futbolçuları 17 top buraxıblar.
 
"Sumqayıt" - "Qəbələ"  matçı saat 19:15-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest