"Espanyol"un 18 yaşlı ukraynalı qapıçısı Yeqor Krapivin İspaniya klubu ilə müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında imzalanan yeni müqavilə 2031-ci il iyunun 30-na qədər qüvvədə olacaq. Müqavilənin maliyyə detalları açıqlanmasa da, sənəddə qapıçının fərdi idman nəticələrinə görə xüsusi bonusların nəzərdə tutulduğu bildirilir.
Bildirilir ki, Krapivin Donetsk "Şaxtyor" akademiyasının yetirməsidir. O, 2022-ci ildən İspaniyaya köçərək Barselonadakı "Marset" akademiyasında təhsil alıb, daha sonra isə "Espanyol"un sisteminə qoşulub. Hazırda klubun "B" komandasında çıxış edən gənc qapıçı böyüklər səviyyəsində iki rəsmi oyunda meydanda olub və qapısından üç qol buraxıb.
O, həmçinin Ukraynanın U-16, U-17 və U-18 gənclər yığmalarında da forma geyinib.












