Türkiyənin "Altay" komandasının baş məşqçisi Mustafa Dənizli postundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
72 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Super Liqada 13 oyundur qələbəyə həsrət qalan komanda 20 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
 
Dənizli 2021-ci ilin aprelindən "Altay"ı çalışdırırdı. O, bu komandanı ötən mövsümün nəticələrinə əsasən 18 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. Təcrübəli mütəxəssis 2013/14 mövsümündə "Xəzər Lənkəran"a da rəhbərlik edib.
 
"Altay"da Dənizli ilə yanaşı, portuqaliyalı hücumçu Marko Payşao da klubdan ayrılıb. 37 yaşlı futbolçu klubla müqaviləsinə birtərəfli qaydada xitam verib və komandanı tərk edib. O, Türkiyə klubuna 2019-cu ildə Polşa "Qdansk"ından gəlmişdi. İlk ilində 29 qol ataraq komandanın bombardiri olan futbolçu, sonrakı mövsümlərdə də bu uğurunun davamını gətirib. 2019/20 mövsümündə 23 qol vuran Payşao, ötən mövsüm də 25 qola imza atmışdı. Bu mövsüm Super Liqa çərçivəsində 15 oyuna çıxan təcrübəli forvard, cəmi 1 qol vurub. Əvəzində o, ölkə kubokunda 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest