Premyer Liqanın V turunun ən diqqətçəkən oyunlarından biri "Bank Respublika Arena"da keçirildi. Matc.az saytı xəbər verir ki, mövsümə qeyri-stabil başlayan son çempion "Neftçi" hələ ki, ümidləri doğrultmayan "Sabah"la üz-üzə gəldi.

Qarşılaşmanı prinsipial edən məqam "Sabah"ın indiyə qədər "flaqman" üzərində qələbəsinin olmaması idi. çempionatdakı 12-ci duelə qədər qəsəbə təmsilçisinin yalnız 2 heç-heçəlik təsəllisi var idi.

Premyer Liqa
26 sentyabr, 5-ci tur

"Sabah" – "Neftçi" – 1:2
Qollar: Aleksey İsayev, 81 – Ramon Maçado, 21, Mamadu Kane, 77
"Bank Respublika Arena". Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

"Sabah": 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov (26. Fofana Tiemoko, 65), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels (24. Mixeil Erqemlidze, 87), 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 7. Petar Skuletiç (9. Xulio Sezar Rodriges, 59), 33. Camal Cəfərov

Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 66. Abdulax Xaibulaev, 13. Abdulla Rzayev

Baş məşqçi: Ramin Quliyev

"Neftçi": 30. Aqil Məmmədov, 26. ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov (22. Mirabdulla Abbasov, 46), 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin (10. Sezar Meza Kolli, 76), 4. Huqo Basto, 91. Ramon Maçado (9. Tiaqo Bezerra, 69), 36. Mamadu Kane, 20. Mert çelik

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 14. Romen Bask, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov

Baş məşqçi: Samir Abasov

Bir gün əvvəl əsas rəqibi "Qarabağ"ın büdrəməsi "Neftçi"yə əlavə motivasiya verirdi. çünki "ağ-qaralar" qələbə təqdirində çempionluq uğrundakı rəqibi ilə xal fərqini 1-ə endirəcəkdi. "Sabah" isə həm autsayder "Keşlə"dən uzaqlaşmaq, həm də ortabablara yaxınlaşmaq üçün mütləq qələbə sindromunu qırmalı idi.

İlk xalını ötən turda "Zirə"dən alan "Sabah" həmin matçın "11-liy"ində 4 dəyişiklik etmişdi. Həmin qarşılaşmanın iştirakçıları Zurab Oçiqava, Xuan Kamara, Mixeil Erqemlidze və İldar Alekperov bu dəfə ehtiyatda oturmuşdu. Əvəzində Slavik Alxasov, Kristian Sebalyos, Petar Skuletiç və Camal Cəfərov ilk dəqiqələrdən mübarizəyə qoşuldu. Xüsusən də, yeni transfer Skuletiçin debüt oyununa çıxdığını vurğulamaq lazımdı.

"Neftçi"də isə 3 dəyişiklik olmuşdu. Mirabdulla Abbasov, Sezar Meza Kolli və İsmayıl Zülfüqarlını ehtiyatda saxlayan baş məşqçi Samir Abasov əvəzində ömər Buludov, Xəyal Nəcəfov və keçən həftə fərqlənən Ramon Maçadoya güvənmişdi.

Komandaların oyun düzülüşü fərqli idi. "Neftçi" ənənəvi 5-4-1 sxemində meydana çıxmışdısa, "Sabah"ın baş məşqçisi Ramin Quliyev 4-5-1-i seçmişdi. Ancaq qonaqların cinah oyunçularından Yusuf Laval öndə oynamaqla məşğul idi. 3-lü mərkəz müdafiəsinə Mamadu Kane ilə Emin Mahmudov daha yaxın oynayırdı. Ev sahiblərində isə hücum xətti yeni transferlərdən qurulmuşdu. "Sabah" matçın gedişində vəziyyətə uyğun olaraq 4-3-3 və 4-4-2-dən də istifadə edirdi. Hücumçu Skuletiçə ən yaxın oynayan Sebalyos idi.

Hər iki baş məşqçi "ağırlığı" orta sahəyə verdiyindən, ilk dəqiqələr top uğrunda mübarizə şəraitində keçdi. "Neftçi" futbolçuları yarımmüdafiə xəttində ötürmələrdə daha çox səhvə yol verirdilər ki, bu da "Sabah" üzvlərinə sürətli hücum şansları verirdi. Ancaq Quliyevin yetirmələri erkən qol buraxmaq riskini göz önünə alaraq, hücumlara çox adamla çıxmır, ehtiyatı əldən vermirdi. üstəlik, "ağ-qaralar" da topu itirən kimi bütün zonaları bağlayırdı ki, bu da rəqibin qapıya yaxınlaşmasına mane olurdu.

"Neftçi"də Laval sol cinahda müdafiəçi/hücumçu funksiyasını təkbaşına icra edə bilirdi. Ancaq əks cinahda yer alan ömər Buludov buna "çatdırmırdı". Bu üzdən sağda onun ön xətdəki vəzifəsini Xəyal Nəcəfov daşıyırdı. Elə buna görə qonaqlar əsasən soldan həmlələr etməyə çalışırdı. 21-ci dəqiqədə hesabın açılmasında da Lavalın rolu oldu. Məhz onun daşıdığı topa cərimə meydanı xətti yaxınlığından Sabir Buqrin zərbə vurdu. Səlahət Ağayev o qədər də sürətli olmayan zərbəni dəf etməyə hazır idi. Ancaq Ramon Maçadonun sinəsinə dəyən top səmtini dəyişdi və qolkiperi aldadaraq tora düşdü. Bunu bir növ "Neftçi" üçün bəxt, "Sabah" üçün isə bəxtsizlik saymaq olar. çünki həmin ana qədər sərgilənən oyun qolun xəbərçisi deyildi.

Qoldan sonra "Neftçi" topa nəzarəti tam ələ aldı. Xüsusən də, Amin Seydiyevlə Camal Cəfərov cinahda Lavalı saxlamaqda aciz qalırdı. 19 yaşlı Cəfərovun sağ cinahda çox işlədiyini vurğulamamaq olmaz. Ancaq təcrübəli Vojislav Stankoviç həmin cinahda təkbaşına nə ona, nə də Sebalyosa göz açmaq imkanı verirdi. Topla rəqibi meydanın özünə aid hissəsinə sıxan "Neftçi" oyunçuları ikinci qol axtarışında olsa da, "Sabah" müdafiəçiləri həmlələri zərərsizləşdirməkdə çətinlik çəkmirdi. Meydan sahiblərində gənc Camalla müqayisədə sol cinahda hücumu gücləndirməli olan Coy-Lens Mikelsin varlığı ilə yoxluğu bilinmirdi. Buludov irəli çox atılmasa da, geridə rəqibin almaniyalı vingerini oyundan "qoparmışdı".

"Neftçi" ikinci hissəyə bir əvəzləmə ilə başladı. İrəlidə komandaya elə bir xeyri dəyməyən Xəyalın əvəzinə Mirabdulla Abbasov döyüşə atıldı. Bu, taktiki sxemdə də dəyişikliyə səbəb oldu. "Flaqman" artıq 3-5-2 sistemində çıxış edir, top rəqibdə olarkən bunu 4-4-2-yə çevirirdi. Bu dəyişikliyin komandanın oyununa müsbət təsir etdiyini demək olmaz. çünki ikinci yarıya meydan sahibləri daha fəal başladı. Yavaş-yavaş təzyiqi artıran Ramin Quliyevin yetirmələri birinci hissədə topsuz qalan Aqil Məmmədovu da tez-tez narahat edirdi. İtiriləcək heç nəyin olmadığını başa düşən Quliyev əvvəlcə Xulio Sezar Rodrigesi, bir qədər sonra isə Fofana Tiemokonu meydana buraxdı. Bununla düzülüş 4-3-3-ə çevrildi. Sebalyosun da forvardların arxasında olduğunu nəzərə alsaq, "Sabah" demək olar ki, 4 hücumçu ilə qol axtarışında idi.

"Sabah" ardıcıl həmlələrlə rəqibi qapısı qarşısına sıxdığından, bərabərlik topunun gecikməyəcəyini düşünmək olardı. Lakin komandanın hücum xətti "dişsiz"liyi ilə bir növ buna maneə idi. Hücumları çətinliklə də olsa sovuşduran "Neftçi" ön xətdəki əvəzləmələrin sayəsində artıq təhlükəli əks-hücumlar da qururdu. Bu isə 77-ci dəqiqədə öz bəhrəsini verdi. Sonradan meydana daxil olan Sezar Meza Kollinin cinah asması zamanı Səlahətin topa gec çıxması ikinci dəfə qoruduğu torun silkələnməsi ilə nəticələndi. Ancaq cəmi 4 dəqiqə sonra Aleksey İsayev hücumçuların bacarmadığını etdi və gözəl zərbə ilə fərqi minimuma endirdi. Bu, intriqanın "ölməsinə" də imkan vermədi. "Sabah" hətta son dəqiqələrdə status-kvonu da bərpa edə bilərdi. Di gəl ki, Bəxtiyar Həsənalızadə iki metrlik məsafədən topu çərçivəyə düzgün nişan ala bilmədi.

Beləliklə, "Neftçi" tilsimini qıra bilməyən "Sabah" həm də cari mövsüm qələbə həsrətini ən azı bir tur da təxirə salmalı oldu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest