"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri matçı şərh edib.
 
Matc.az xəbər verir ki, o, 4:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Bundan da vacibi komandanın oyun tempini ilk dəqiqələrdən yüksək tutması idi. Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda belə hesablar alınır. "Sabah"ın baş məşqçisi Ramin Quliyevə uğurlar arzu edirəm. İntizamlı komanda yaradıb. Sevinirəm ki, bütün komandaları yerli məşqçilər çalışdırır. Hər birinə uğurlar arzu edirəm. Meydança da çox möhtəşəm idi. Ot örtüyü yaxşı idi.
 
- Mahir Emreli nə üçün penaltini vurmadı? 
- Mən futbolçuma demirəm ki, mütləq sən bombardir olmalısan. Xüsusən də, belə bir vaxtda. Qələbə üçün meydanda hər kəs əlindən gələni edir. Düzdür, istəyərəm ki, bizim futbolçular çox qol vursunlar. Bu barədə düşünmürük, "Qəbələ" səfərində və ondan əvvəl də belə bir şey olmuşdu.  Penalti ilə futbolçunu arxayınlaşdırmaq istəmirəm. İstərdim ki, komandada daha yaxşı penalti vuran olsun.
 
- Rahil Məmmədovu Kevin Medina sarı vərəqə alıb, cəzalı vəziyyətə düşdüyü üçün meydana saldız ki, hazır olsun? 
- Növbəti oyuna qədər vaxtımız var. Belə oyunlarda qırmızı vərəqə də bizi narahat edir. Rahili buraxmaq o demək deyil ki, növbəti oyunda meydanda olacaq. Rahil bizim əsas futbolçularımızdandır. Növbəti oyunda baxacağıq.
 
- Mahir Emrelinin "Legiya"ya transferi məsələsi nə yerdədir?
- Həll olunsaydı, hamımız bilərdik. Rəsmi müqavilə olsaydı, açıqlama verərdik. Hazırda Mahirin bütün diqqəti çempionatdadır. Hələ rəsmi bir şey yoxdur. Başqa təklifləri də var, onları da nəzərdən keçirir.
 
- Felipe Rayanla bağlı nə deyə bilərsiz? Mətbuatda onunla razılaşdığınız deyilir.
- Rəsmi heç kimlə danışığımız olmayıb. Bəlkə, bu dəqiqə biz 15-20 futbolçu ilə maraqlanırıq. Hazırda həmin oyunçu ilə bağlı hansı səviyyədə danışdığımızı xatırlamıram. Oyunçu sayı çoxdur, lakin heç kimə rəsmi təklif göndərməmişik.
 
- Son vaxtlar Ağdamın işğalından sonra belə fikirlər var ki, "Qarabağ"a artıq daha çox diqqət yetirilməyəcək. Bu haqda fikirləriniz nədir? 
- Ola bilər ki, insanlarda fikir formalaşıb ki, Qarabağ işğaldadır deyə, komandaya daha çox diqqət yetirilib. Bu, belə deyil. Rəhbərlik neçə illərdir komandaya sponsorluq edir, bu adı qorumaq üçün əziyyət çəkir. Torpaqlarımızın alınması bizim kluba sevgimizi daha da artırır. Başqa cür fikirlərin olmasına inanmıram. Transfer etmək asan deyil. Komandanı eyni səviyyədə 15-20 il qoruyub saxlamağı görməmişəm. Avropada da belə bir nümunə yoxdur. Bəzən görürsən ki, 10 futbolçu anidən üzə çıxır, sonra onları geri qaytarmaq olmur. Rəhbərlik hər zaman bu komandanı qoruyub saxlamağa çalışacaq. Klubun prezidenti də söz verib ki, nə qədər ki, biz varıq, bu klubu yaşadacağıq.
 
- Sponsorlar 2020-ci ildə "Qarabağ"a pul ayrılmayıb?
- Belə detalları mən bilmərəm. Sponsor pul ayırmasa, komanda ayaq üstə qala bilməz. Bizim ən çox qazancımız çempionlar Liqasına vəsiqə qazananda olub. Komandanı saxlamaq asan deyil. Avroliqada səfər oyunları zamanı da xərclər çox olur. Bəzən turnirin verdiyi pul da çatmır. Mən detalları bilmirəm. İllər boyu sponsorlarımız kluba pul qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest