Premyer Liqanın XXII turunun daha bir maraqlı oyunu bərabərliklə nəticələndi. Matc.az saytı xəbər verir ki, "Zirə" ilə "Keşlə" arasında birincilərin meydanında baş tutan qarşılaşmada çatmayan yalnız qol oldu.
 
Azərbaycan Premyer Liqası
XXII tur

"Zirə" – "Keşlə" – 0:0
"Zirə": 1. Mateus Albino, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda (13. Şəhriyar Rəhimov, 88), 9. Davit Volkov, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui (11. Klesio Bauk, 77), 7. Tural Bayramlı (29. Musa Qurbanlı, 77)
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç
Baş məşqçi: Rəşad Sadıqov
"Keşlə": 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k) (99. Rafael Məhərrəmli, 89), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 10. Sezar Meza Kolli, 29. Yevgeni Koçuk, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
11 aprel. Zirə İdman Kompleksinin stadionu, tamaşaçısız
 
"Zirə"nin dönənləri, "Keşlə"nin itkiləri
Hər iki komandanın heyətində bəzi dəyişikliklər var idi. "Zirə"də əsas heyət üzvləri Riçard Almeyda, Davit Volkov, Dmitrios çantakias və Tural Bayramlı yenidən baş məşqçinin ixtiyarında idi. Rəşad Sadıqov ötən matçı buraxan adıçəkilən oyunçuları start heyətində meydana buraxdı. Əvəzində Hacıağa Hacılı, Cəlal Hüseynov və İlkin Muradovun yoxluğunu qeyd etmək olar. Klesio Bauk isə görüşə ehtiyatdan başladı. "Keşlə" heyətlə bağlı problem daha ciddi idi. Düzdür, Tərlan Quliyevlə Sadio Torunkara yenidən heyətdəki yerini almışdı. Bunun fonunda Elvin Yunuszadə, Miyusko Boyoviç, Stanislav Namaşko, Con Kamara kimi oyunçular zədə ucbatından "18-lik"dən kənarda qalmışdı, həmçinin ehtiyatda oturan Sezar Meza Kolli də oynamağa hazır deyildi.
 
Almeyda və Hacıyevə diqqət!
Hər iki komanda meydana 4-3-3 sistemində çıxmışdı. Hücumameyilli oyunçuların heyətdə çoxluq təşkil etməsi baş məşqçilərin müdafiəni yox, hücumu düşündüklərini göstərirdi. Bu da sürətli tempdən xəbər verirdi. İlk dəqiqələrdə "Zirə"nin topa daha çox sahib olması başadüşüləndi. çünki meydan sahiblərində topu ayağında saxlamağı bacaran keyfiyyətli oyunçular çoxluq təşkil edirdi. Matçın startından zirəlilərin oyunu Riçard Almeydanın üzərində qurduğunu görmək çətin deyildi. Braziliyalı yarımmüdafiəçinin ötən turda "Səbail"lə görüşdə yoxluğu Rəşad Sadıqovun kollektivinə məhz bu sarıdan problem yaradırdı. Bütün hücumları, demək olar ki, Almeyda başladır, komanda yoldaşları topa sahib olduqda onu axtarırdılar. Məhz top millimizin üzvündə olarkən irəlidəki futbolçular hərəkətlənərək boş mövqelərə açılmağa çalışırdılar.
 
"Keşlə"də isə liderlik funksiyasını Rəhman Hacıyev daşımalı idi. Görüşü əsasən əks-hücumdan quran qonaqlarda pleymeyker kimi çıxış edən Hacıyev bir anda komandasının oyununa temp gətirirdi. "Neftçi"dən icarəyə götürülən oyunçu bir növ Sezar Meza Kollinin boşluğunu doldurmağa çalışırdı.
 
Kapitanın üzərinə düşən yük, rəqibdən çəkinməyən qonaqlar
Ev sahibləri meydanın mərkəzini keçdikdən sonra bir qayda olaraq cinahlardakı oyunçuları axtarırdılar. Xüsusən də, soldakı Ağabala Ramazanov fəallığı ilə seçilirdi. Digər cinahdakı Rodriqo Bonqonqui passiv olduğundan, əsas yük kapitanın üzərinə düşürdü. Komanda mərkəzə ağırlıq qoymadığından, Davit Volkov da çox gözə dəymirdi. "Keşlə"nin də müdafiə futbolu sərgilədiyini demək olmaz. Komanda topa sahib olan kimi çox adamla hücuma çıxmaqdan çəkinmirdi. Hətta top rəqibdə olarkən bəzi hallarda qonaqlar 4-4-2 sxeminə keçir, Anatole Abanqla Rəhman Hacıyevi irəlidə saxlayırdı. Vingerlər isə nisbətən geri çəkilərək müdafiənin önündə 4-lü sədd formalaşdırırdı. Sənan Qurbanov irəlidə çox adam saxlamaqla zirəlilərin rahat oyun qurmasına mane olmaq məqsədi güdürdü. Bu tapşırıq bir növ uğurlu alınırdı. çünki "Zirə" pressinq nəticəsində müdafiədən çıxmaqda ciddi şəkildə çətinlik yaşayırdı.
 
Qələbəyə yetməyən va-bank
Matçın əvvəli qarşılıqlı hücumlar şəraitində keçməsi çoxlu qol vəziyyətlərinin yaranacağından xəbər verirdi. Hətta ilk 15 dəqiqədə hər iki tərəfin qaçırdığı yüz faizlik şans da oldu. Amma qarşılıqlı top itkilərinin get-gedə artması hücumların da kəsərini "öldürürdü". Temp hər nə qədər yüksək olsa da, keyfiyyətli hücumlar, düşünülmüş həmlələr izləyə bilmədik. çünki adi ötürmələrdə yol verilən səhvlər hücumların zərbə ilə tamamlanmasına mane olurdu. "Keşlə" futbolçuları topa sahib olarkən alternativ variant kimi bəzi hallarda uzun ötürmələrlə Abanqı tapmağa çalışırdı. çünki ucaboy forvard "ikinci mərtəbə"də müdafiəçiləri üstələyərək, topu komanda yoldaşları üçün endirə bilirdi.
 
Heç-heçəyə qane olmayan Rəşad Sadıqov son 15 dəqiqədə meydandakı hücum oyunçularının sayını artırdı. Klesio Bauk və Musa Qurbanlının mübarizəyə qoşulması ilə komanda va-banka gedərək "dördlü" hücuma keçdi. Qurbanlı ikinci hücumçu kimi Volkova dəstək verirdi. Bu əvəzləmələr nəticədə də əks oluna bilərdi. Ancaq ələ düşən bir neçə imkanda gah qapıçı Kamal Bayramov sayıqlığını itirmədi, gah da zərbə qeyri-dəqiq alındı. "Keşlə"nin hücumlarında isə keyfiyyət çatışmırdı. Sənan Qurbanovun ehtiyatdan oyuna qoşa biləcək hücumçusu da yox idi. Bu üzdən çalışdırıcı həmkarından fərqli olaraq, son dəqiqələrdə bir məcburi əvəzləmə ilə kifayətlənməli oldu. Buna baxmayaraq, oyun sona qədər elə məcrada keçdi ki, hər an istənilən komanda fərqlənə bilərdi. Matçda ümumi üstünlük ev sahiblərində olsa da, bəlkə də, ədalətli nəticə elə heç-heçə olardı ki, komandalar da hərəyə 1 xalla kifayətləndilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest