İspaniyanın “Barselona” futbol klubunun 474 azarkeşi və klub üzvü Bakıda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Sabah”la keçiriləcək oyunda komandaya dəstək olacaq.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada dünyanın müxtəlif ölkələrindən 41 azarkeş klubunu təmsil edən 268 klub üzvü və 206 azarkeş iştirak edəcək.
Qeyd olunub ki, bu, “Barselona”nın peşəkar komandasının rəsmi yarış çərçivəsində Azərbaycana ilk səfəri olacaq. Kataloniya təmsilçisi Bakıda azarkeşlərinin geniş dəstəyini hiss edəcək.
Komandanın Azərbaycana səfər edəcək tərəfdarlarına ev sahibliyini “Penya Barcelonista Baku” azarkeş klubu edəcək. 2017-ci ildə rəsmi status alan təşkilatın 400-dən çox qeydiyyatdan keçmiş üzvü var. Bildirilib ki, bu, Qafqaz regionunda fəaliyyət göstərən yeganə rəsmi “Barselona” azarkeş penyasıdır.
Bundan başqa, “Pena Blaugrana de Bagdad” və “Pena Blaugrana Tel Aviv” azarkeş klublarının da 18 üzvü qarşılaşmanı izləmək üçün Bakıya gələcək. Paris və Poznan şəhərlərindən olan azarkeş qruplarının nümayəndələri də komandanı Azərbaycanda müşayiət edəcəklər.













