“Neftçi”nin futbolçusu Qustavo Klismanın Azərbaycan Premyer Liqasının XII turunda “Araz-Naxçıvan” üzərində qazandıqları 3:1 hesablı qələbəni dəyərləndirib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi komandanın çıxışından razı qaldığını, çempionluq yarışında sona qədər mübarizə aparacaqlarını bildirib.
 
Futbolçu qarşılaşmanın çətin keçdiyini, lakin “Neftçi”nin oyuna tam nəzarət etdiyini vurğulayıb:
 
“Çətin meydan amili var idi. Buna baxmayaraq, öz oyunumuzu nümayiş etdirməyə çalışdıq. Düşünürəm ki, yaxşı çıxış etdik və layiq olduğumuz 3 xalı qazandıq. 90 dəqiqə ərzində oyuna nəzarət bizim tərəfimizdə idi. Üç qol vurduq. Yeganə təəssüfləndirici məqam sonda qapımızdan qol buraxmağımızdır”.
 
O, çempionatda yaranan fasilənin komandaya mənfi deyil, əksinə, müsbət təsir göstərdiyini qeyd edib. Futbolçu hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini bildirib:
 
“Əksinə, fasilə bizə çox kömək edir. Məşqlərimizi izləsəniz, hazırlıq prosesinin nə qədər intensiv keçdiyini görərsiniz. Çox yaxşı məşqlər edirik”.
 
“Araz-Naxçıvan” üzərində qələbədən sonra yenidən turnir cədvəlinin zirvəsinə yüksələn “Neftçi”nin üzvü qış çempionluğu hədəfindən də danışıb:
 
“Biz hər oyuna qələbə üçün çıxırıq. Sonda hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İstəyimiz reallaşsa, qış çempionu ola bilərik”.
Qarşılaşmada fərqləndiyi qollardan biri ilə bağlı suala isə futbolçu maraqlı cavab verib. O, həmin epizodda əslində qapıya zərbə vurmaq deyil, ötürmə etmək istədiyini etiraf edib:
 
“Açığı, zərbə vurmurdum, asma edirdim. Amma elə alındı ki, top qapıdan keçdi. Təbii ki, buna görə sevinirəm”.
 
Futbolçu son oyunlarda tez-tez fərqlənməsinin baş məşqçinin tapşırıqları ilə bağlı olduğunu da bildirib. O, “Qarabağ”la matçdan sonra olduğu kimi, “Araz-Naxçıvan”la görüşdə də dubl etməsindən məmnunluğunu ifadə edib:
 
“Məşqçimizin tapşırığı odur ki, imkan olduqca qapıya zərbə endirim, həmçinin irəli atılaraq hücumların sonlandırılmasında iştirak edim. Mən də komandama fayda vermək üçün əlimdən gələni edirəm. Şadam ki, bu matçda yenidən dubl etdim. Növbəti matçlarda da “Neftçi”nin qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest