Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin Millətlər Liqasında idarə etdiyi Qazaxıstan – Slovakiya qarşılaşması təkcə nəticəsi ilə deyil, hakim qərarları ilə də müzakirələrə səbəb olub. Matc.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdən sonra Slovakiya azarkeşlərinin bir qismi azərbaycanlı hakimin idarəçiliyindən narazılığını ifadə edib.
 
Qazaxıstanın “Sports.kz” nəşri slovakiyalı futbolsevərlərin qarşılaşmadan sonrakı reaksiyalarını dərc edib. Şərhlərdən birində Əliyar Ağayev açıq şəkildə qərəzli idarəçilikdə ittiham olunub.
 
“Hakim açıq şəkildə Qazaxıstanın tərəfində idi!” – deyə azarkeşlərdən biri yazıb.
 
Slovakiyanın dövlət televiziyası STVR də qarşılaşmanın ilk hissəsində qonaq komandanın penalti gözlədiyi epizoda diqqət çəkib. Nəşrin oyun hesabatında cərimə meydançasındakı mübarizələrdən sonra hakim Əliyar Ağayevin 11 metrlik cərimə zərbəsi təyin etmədiyi bildirilib.
 
Oyunun sonlarında isə VAR müdaxiləsi ilə Slovakiyanın qolu qeydə alınmayıb. Beş dəqiqədən artıq davam edən yoxlamadan sonra Ağayev monitor qarşısında epizodu izləyərək qolun ləğvinə qərar verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest