Braziliyanın “Korintians” klubunun rəsmi saytı haker hücumuna məruz qalıb. Matc.az xəbər verir ki, kibercinayətkarlar klubun internet səhifəsində Lionel Messinin 2027-ci ildən etibarən komandaya keçəcəyini bildirən saxta açıqlama yerləşdiriblər.

Paylaşımda argentinalı ulduzun Braziliya futbolunda çıxış etməkdən məmnun olacağına dair uydurma fikirlər də yer alıb. Hətta transferin maliyyə detalları ilə bağlı saxta məlumatlar yayımlanıb.

Xəbər qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub. Lakin klub rəhbərliyi müdaxiləni aşkar etdikdən sonra paylaşım silinib.

“Korintians” rəsmi açıqlamasında kibertəhlükəsizlik hücumunu təsdiqləyib. Klubun İT komandası müdaxiləni aradan qaldırıb. İlkin yoxlamalara əsasən, maliyyə itkisi və məxfi məlumatların sızması qeydə alınmayıb.

Təhlükəsizlik yoxlamaları üçün klubun və stadionun internet səhifələri müvəqqəti bağlanıb.

Maraqlıdır ki, bu, Braziliyada son günlər futbol klublarına qarşı həyata keçirilən ilk belə hücum deyil. “Korintians”ın əzəli rəqibi “Palmeyras”ın rəsmi saytı da bundan bir neçə gün əvvəl oxşar kibermüdaxiləyə məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest