Uqandanın “Kawempe Muslim Ladies” komandası tarixində ilk dəfə Afrika Qadınlar Çempionlar Liqasında iştirak edəcək. Matc.az xəbər verir ki, noyabrın 1-də Misirdə start götürəcək turnirə Qahirə və İsmailiyyə şəhərləri ev sahibliyi edəcək.
“Kawempe Muslim Ladies” turnirdə B qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Mərakeşin “AS FAR”, Malinin “USFAS Bamako” və Qərbi Afrika zonasını təmsil edəcək “Ampem Darkoa” klublarıdır.
Uqanda təmsilçisi sentyabrda Ruandada keçirilən regional seçmə mərhələnin qalibi olaraq turnirə vəsiqə qazanıb. Komanda finalda Keniyanın “Kenya Police Bullets” klubunu 1:0 hesabı ilə məğlub edib.
Baş məşqçi Ayub Xalifa Kiyinqi komandasının turnirə yaxşı hazırlaşdığını bildirib. O, beynəlxalq yarışlarda əldə olunan təcrübənin futbolçulara kömək edəcəyinə inandığını vurğulayıb.
“Kawempe Muslim Ladies” ilk oyununu noyabrın 2-də son çempion “AS FAR”a qarşı keçirəcək.













