FIFA prezidenti Canni İnfantino Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalını qurumun son 120 ildə həyata keçirdiyi ən uğurlu layihə adlandırıb. Matc.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə FIFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
O, 211 ölkənin dəvət olunduğu turnirdə 189 ölkənin iştirak etməsini unudulmaz təcrübə kimi dəyərləndirib.
İnfantino bildirib ki, futbol hər kəs üçün əlçatan olmalı, ölkənin böyüklüyündən və iqtisadi imkanlarından asılı olmayaraq, bütün istedadlı uşaqlara dünya çempionatında iştirak şansı verilməlidir.
FIFA prezidenti komandaların eyni şəhərcikdə məskunlaşmasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, 14-15 yaşlı futbolçular dil fərqinə baxmayaraq ünsiyyət qurub, dostluq münasibətləri yaradıblar.
Qeyd edək ki, Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya Çexiyaya 3:0 hesabı ilə qalib gələrək turnirin çempionu olub.













