“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 10-cu turunda “Qarabağ”la heç-heçə etdikləri matçı (0:0) şərh edib. Matc.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Komandamın çıxışından razıyam. Müdafiədə yaxşı oynadıq. Qol vurmaq üçün imkanlarımız da oldu. Ölkənin ən güclü komandalarından birinə qarşı mübarizə apardıq. Düşünürəm ki, bir xal qazanmağa layiq idik”, – deyə o bildirib.

Bekiri “Qəbələ”nin mövsüm üçün hədəfləri ilə bağlı sualı da cavablandırıb:

“Oyundan-oyuna, məşqdən-məşqə daha yaxşı olmağa çalışmalıyıq. Futbolçularım da bunun üçün çalışırlar. Mövsümün sonunda hansı pillədə olacağımızla bağlı indidən proqnoz verə bilmərəm. Hər matçda hamımız əlimizdən gələnin ən yaxşısını etməliyik. “Qəbələ”yə çempionatın gedişində qoşulmuşuq. Futbolçuların nə istədiyimizi anlaması üçün müəyyən vaxta ehtiyac var”.

Baş məşqçi yerli futbolçuların çıxışından razı qaldığını da vurğulayıb:

“Futbolçuları yerli və ya əcnəbi olmasına görə fərqləndirmirəm. Hamısı bir komanda kimi məşq edir. Kim daha yaxşıdırsa, start heyətində də o yer alır. Bu gün ilk “11-lik”də beş azərbaycanlı futbolçu var idi. Onların çıxışından razıyam. Məhz buna görə start heyətində yer alırlar”.

Bekiri “Sabah”a 0:4 hesablı məğlubiyyətdən sonra “Qarabağ”la heç-heçəyə nail olmalarının səbəblərindən də danışıb:

“İlk növbədə, psixoloji dəyişikliklər etdik. Bundan başqa, komandanın oyun üslubunu dəyişdik. Futbolçuların yeni oyun sistemimizə uyğunlaşması üçün vaxt lazımdır. “Sabah”a məğlub olduğumuz görüşdə də qol imkanlarımız var idi. Bu gün də belə şanslar yaratdıq. “Sabah” və “Qarabağ” Azərbaycanın ən yüksək səviyyəli komandalarıdır. Az komanda onlardan xal ala bilir. Biz isə öz işimizə davam edirik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest