İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosu tərəfindən bəzi şübhəlilər barəsində "sistemli psixoloji təzyiq" (mobbinq), "rəsmi sənəddə saxtakarlıq", "etibardan sui-istifadə" və "şəxsi məlumatların qanunsuz ələ keçirilməsi" cinayətləri ilə bağlı başladılan "Hakimlər işi" istintaqı davam edir.
Matc.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilir ki, istintaq çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan MHK (Mərkəzi Hakimlər Qurulu) sədri Fərhad Gündoğdu, TFF (Türkiyə Futbol Federasiyası) Fəal Hakimlər Dərnəyinin sədri Fərdi Karadoruk, keçmiş TFF Mərkəzi Hakimlər Qurulu sədrinin müavini Əhməd Şahin, keçmiş TFF Mərkəzi Hakimlər Qurulunun üzvü Yunus Yıldırım, TFF Təhsil və 4-cü Bölgə məsul şəxsi Səbahəddin Şahin, TFF Hakimləri və Müşahidəçiləri Dərnəyi İstanbul filialının təşkilat məsul şəxsi Əlican Sağlar ilə TFF Hakimləri və Müşahidəçiləri Dərnəyi İstanbul İl Hakimlər Qurulunun sədri Əmrə Kosifin prokurorluqdakı ifadələri tamamlanıb və bütün şübhəlilər barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə sülh cəza məhkəməsinə müraciət edilib.
Məhkəmənin qərarı ilə Fərhad Gündoğdu, Fərdi Karadoruk, Yunus Yıldırım, Əlican Sağlar və Əmrə Kosif barəsində həbs qətimkan tədbiri seçilib. Əhməd Şahin və Səbahəddin Şahin isə ölkədən çıxış qadağası qoyulmaqla adli nəzarət şərti ilə sərbəst buraxılıblar. Fərhad Gündoğdu prokuror tərəfindən məhkəməyə göndərildiyi digər ittihamlardan sərbəst qalsa da, sorğu davam edərkən sonradan başqa bir istintaq nömrəsi ilə əlavə edilən sənədlər çərçivəsində şəxsi məlumatların qanunsuz qeyd edilməsi maddəsi ilə həbs olunub. Həbs qərarına Gündoğdu ilə köməkçi hakim Kərəm Ərsoy arasındakı səs yazısının səbəb olduğu bildirilir.
İstanbul Polis idarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən icra olunan əməliyyat çərçivəsində rəsmi və açıq mənbələrdə aparılan araşdırmalar, MASAK (Maliyyə Cinayətlərinin Araşdırılması Qurumu) və HTS (Historical Traffic Search - zəng, mesaj və internet trafiki keçmişi) hesabatları, zərərçəkmiş və şahid ifadələri ilə ekspert təsbitləri nəticəsində MHK sədri və bəzi qurum üzvlərinin cinayətlə əlaqəli ola biləcəyi müəyyənləşdirilib. Bununla da İstanbul, Ankara, Elazığ və Manisada təyin olunan ünvanlarda əməliyyat keçirilib. İstintaq çərçivəsində Superliqa hakimi Yasin Kol ilə Superliqa köməkçi hakimi Göktuğ Hazar Erelin də saxlanıldığı qeyd olunub.













