"Hall Siti"nin yarımmüdafiəçisi Lüka Qurna-Duat komanda yoldaşı Sorba Tomasın qəzaya düşdüyü eyni trasda avtomobil qəzasına uğrayıb.
Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza bu gün səhər saat 08:30-da klubun məşq bazasına aparan yolda qeydə alınıb. Toqquşmadan sonra futbolçunun idarə etdiyi avtomobil aşaraq böyrü üstə qalıb. Hadisə yerinə dərhal polis və təcili yardım xidmətləri cəlb olunub.
Qeyd edək ki, sentyabrın əvvəlində "pələnglər"in vingeri Sorba Tomas da məhz bu yolda yol-nəqliyyat qəzası keçirmiş və onun idarə etdiyi "Land Rover Defender" markalı maşın oxşar şəkildə aşmışdı. Klub rəhbərliyi hadisədən xəbərdar olduqlarını və qəza zamanı heç kimin xəsarət almadığını təsdiqləyib.
Xatırladaq ki, Lüka Qurna-Duat bu ilin yayında Avstriyanın "Rassunball Zaltsburq" klubundan İngiltərə təmsilçisinə transfer olunub. O, yeni komandasında 5 rəsmi matça çıxıb.
"Hall Siti" hazırda çempionatda 5 turdan sonra topladığı 8 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.













