İspaniya Kral Futbol Federasiyası İstanbulda keçiriləcək növbəti İspaniya Superkuboku matçlarının təqvimini və məkanlarını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, yarımfinallar 2027-ci il fevralın 2-si və 3-də baş tutacaq. İlk oyunda "Barselona" və "Atletiko" qarşılaşacaq. Görüş "Fənərbaxça"nın ev arenası olan "Şükrü Saracoğlu" stadionunda keçiriləcək.
Fevralın 3-də digər yarımfinal matçında "Real Soseyad" və "Real" (Madrid) üz-üzə gələcək. Oyun "Beşiktaş"ın ev arenası sayılan "Tüpraş" stadionunda təşkil olunacaq.
Həlledici qarşılaşma isə fevralın 6-da "Qalatasaray"ın "Ali Sami Yen" stadionunda baş tutacaq.
Xatırladaq ki, İspaniya Superkuboku 1982-ci ildə təsis edilib və 2020-ci ildən turnir dörd komandanın iştirakı ilə keçirilir. Turnirin əvvəlki 5 mövsümü Səudiyyə Ərəbistanında təşkil olunub. Titulun hazırkı sahibi finalda "Real"ı 3:2 hesabı ilə məğlub edən "Barselona"dır.













