Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro komandasının penaltilər seriyasında Almaniya üzərində qazandığı qələbədən sonra dünya çempionatının 1/8 finalına yüksəlməsini şərh edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis yekun nəticədən çox razı qaldığını bildirərək bu tarixi zəfəri bütün Paraqvay xalqına həsr edib.

"İnsanlar burada hansı çətinliklərə qatlaşdığımızı bilirlər. Belə bir nəticəyə nail olmaq bizə çox çətin başa gəlir. Və biz bu qələbəni bütün insanlara, bütün paraqvaylılara həsr edirik, çünki mən onların milli komandanın qələbəsini ürəkdən istədiklərini bilirdim. Onlar buna layiq idilər, çünki bizi həmişə dəstəklədilər və biz bunu hiss etdik. Mən bu matçı əvvəldən sona qədər meydanda hökm sürən gərginliklə, hamı kimi çox intensiv yaşadım".

Baş məşqçi rəqibin gücünü və hava şəraitinin çətinliyini də xüsusi vurğulayıb: "Biz dünya çempionluğuna namizəd olan, böyük statusa malik və oyundan əvvəl kağız üzərində əhəmiyyətli üstünlüyü olan rəqibə qarşı çətin olacağını bilirdik. Uşaqlar möhtəşəm oyun keçirdilər və Almaniyanın qapımıza yol tapmasının qarşısını almaq üçün bütün güclərini ortaya qoymalı oldular. Hərçənd bizdə çox şey çatışmırdı, havanın çox yüksək temperaturunu da nəzərə almaq lazımdır: daim geriyə, müdafiəyə qaçmaq məcburiyyətində qaldığımızdan sonra bəzən irəliyə qaçmağa sadəcə taqətimiz qalmırdı".

Qeyd edək ki, bu tarixi qələbədən sonra Paraqvay Prezidenti ölkədə milli bayram günü elan edib. "Albiroxa" 1/8 final mərhələsində Fransa – İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest