"Mançester Yunayted"in dayaq yarımmüdafiəçisi Manuel Uqarte Uruqvay millisinin heyətində 2026-cı il dünya çempionatında çıxış edərkən dizinin çarpaz bağını qırıb.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Uqarte İspaniyaya qarşı keçirilən III turun oyununda ilk taymın sonunda zədələnib və meydanı xərək vasitəsilə tərk edib.
Hələ o vaxt 25 yaşlı yarımmüdafiəçinin dizində çarpaz bağının yırtığına dair şübhələr var idi, tibbi müayinədən sonra ən pis qorxular təsdiqlənib. Uqartenin təxminən 9 ay buraxacağı və yalnız gələn ilin yazında yaşıl meydanlara qayıdacağı gözlənilir.
Bu, "Mançester Yunayted"in transfer planlarına ciddi zərbə vura bilər, çünki İngiltərə klubu 25 yaşlı uruqvaylını yayda satmağı planlaşdırırdı və artıq onun əvəzinə "Atalanta"dan Edersonun simasında əvəzləyici tapmışdı.
Qeyd edək ki, Uqarte Uruqvay millisinin baş məşqçisi Marselo Byelsaya məşqlərdəki həddindən artıq yükləmələrdən şikayət edən oyunçulardan biri olub. Uruqvaylılar İspaniyaya 0:1 hesabı ilə uduzublar və artıq qrup mərhələsinin nəticələrinə görə dünya çempionatından kənarlaşıblar.













