Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Böyük təcrübə qazanılası oyundur. Azərbaycan futbol tarixində ilkdir ki, bir komanda pley-off mərhələsindədir. Dünyanın bir nömrəli liqasından gəlmiş komandaya qarşı oynayacağıq. Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Ümumən, futbolçuların hazırlığına kənardan baxıram, çox məsuliyyətli, həyəcanlıdırlar. Oyunu səbirsizliklə gözləyirlər. Düşünürəm ki, sabah özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Rəqibə baxmışıq, bəlkə, bizə uyğun olmayan oyun üslubları var. İngiltərə Premyer Liqasında bütün komandalar “Nyukasl”a qarşı oynamaq istəmir. Rəqibə oynamağa imkan verməyə komandadırlar. Azarkeşlərimiz önündə yaxşı mübarizə aparmağa, ağıllı və cəsarətli oynamağa çalışacaqlar. Rəqib bəzi komponentlərdə bizi üstələyir. Yaxşı fiziki gücə malikdirlər, sürətləri var. İnanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar.
– “Nyukasl” da, “Qarabağ” da hücum komandasıdır. Liqa mərhələsində bir matçlardır və xüsusi taktikaya ehtiyac olmur. Pley-off mərhələsi isə iki oyundan ibarətdir. Sabah ehtiyatlı oyuna üstünlük verəcəksiz?
– Həmişə ehtiyatımızı saxlamağa çalışırıq. Burda bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü bəzən çox qol buraxmağımıza səbəb olub. Nəyisə arzulayırıqsa, daha yaradıcı olmalı, çoxlu variantlar axtarmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola düzgün müdafiə olunaq. Məşqlərdə, oyunlarda bunu tələb edirik. Lakin reallıq var. Rəqibin oyunçularının ustalığı düşüncələrimizi bəzən geridə qoyur. Mütləq şəkildə iki oyun üçün düşünməliyik. Sabah azarkeşlərimizin oyundan həzz almasını istəyirəm. Məğlub olsaq belə, açıq, dinamik futbol görsünlər.
– Çempionatın son oyununda demişdiniz ki, bərpa üçün vaxt lazımdır. Komanda sabahkı oyuna hazırdır?
– Maksimum çalışırıq ki, hazır olaq. Əvvəlki olaylara dönməyə ehtiyac yoxdur. Bu gün oyuna hazırlaşmalıyıq. Futbolçularla da danışdıq ki, tez bərpa olmalıyıq. Futbolçular pis hazırlaşmayıb, demək olar, oyuna hazırdırlar. Oyunun gedişatında hansısa hissədə yorğunluq hiss oluna bilər. Amma inanıram ki, güc tapıb, sona kimi mübarizə aparacaqlar.
– “Nyukasl”ın İngiltərə çempionatında son dönəmlərdə işləri yaxşı getmir. Bu, sizə hansısa üstünlük verə bilər?
– Son iki oyunlarını qazanıblar. Premyer Liqada işlər yaxşı getmir deyə fikir yoxdur. Orda 1-ci yer ilə 15-ci yer arasında elə də fərq görünmür. Hər oyuna xüsusi hazırlaşırlar. Bəzən onlar öz liqalarını Çempionlar Liqasından üstün tuturlar. Ola bilər ki, 2-3 oyun büdrəsinlər, amma sonra vəziyyəti dəyişə bilirlər.
– Montielin yaxşı formada olmasını nəzərə alsaq, sabah kiminlə başlayacağınızı müəyyənləşdirmisinizmi? Kadi, yoxsa Montiel oynayacaq?
– Kadinin geri dönməsi bizim üçün xoşdur və əlavə variantdır. İstədiyimiz an dəyişiklikləri edə bilərik. Lakin tam heyəti sabah səhər bildirəcəyik.
– Oyun “Qarabağ” və Azərbaycan futbolu üçün xüsusi önəmlidir. İlk oyunda qələbə qazanaraq, sürpriz edə biləcəksiniz?
– Qısa deyə bilərəm ki, düzgün yoldayıq. Böyük turnirdə böyük komandaların sırasındayıq. Bunlar bizə əlavə güc, motivasiya və inam verir. Gələcək işimizdə builki turnirin böyük önəmi olacaq. Bu gün favorit “Nyukasl”dır, amma biz Bakıda qalib gəlmək istərdik və bununçün hazırlaşırıq. Futbolda bəzən maraqlı nəticələr olur. İstərdik ki, biz də o nəticəni qazananların sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda intizamlı komanda var. Futbolçular və mən qələbə üçün çox istəkliyik.
– Koxalski sabah meydana çıxa biləcək?
– Böyük ehtimal, hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsi olacaq. Riskli bir şey olmazsa, oynamaq ehtimalı böyükdür.









_1771343397.jpg)
_1771341431.jpg)

