Misli Premyer Liqasının 17-ci turunda səfərdə “Qarabağ” üzərində qazanılan sensasion qələbədən (2:0) sonra “Kəpəz” rəhbərliyinin paltardəyişmə otağından paylaşdığı foto diqqətdən yayınmadı. Həmin paylaşım daha çox komandanın uğursuz çıxışlarına etiraz edən haqlı azarkeşlərə ünvanlanmış istehzalı mesaj təsiri bağışlayırdı. Sanki demək istəyirdilər ki, siz fanatlar nə qədər narazı qalsanız da, məhdud büdcə ilə ölkə çempionundan 3 xal qoparmışıq. Guya komandada hər şey əladı.
 
Lakin reallıq hansısa paylaşımla deyil, davamlı nəticələrlə ölçülür. Üç gün əvvəl “Kəpəz”in “Qarabağ”la müqayisədə xeyli zəif heyətə malik “Şamaxı”ya məğlub olması (0:2) göstərdi ki, çempion üzərindəki qələbə uğurlu idarəçiliyin deyil, daha çox təsadüfi nəticə idi. Yəni, bir güllə bahar olmur...
 
Artıq çoxları bilir, “Kəpəz”də maliyyə problemləri mövcuddu. Klub rəhbərliyinin – İdarə Heyətinin sədri Adil Vəliyev və ona yaxın şəxs kimi təqdim olunan Fərman Əlizadənin komandaya yetərincə maliyyə dəstəyi göstərə bilmədiyi, klubun əsasən dövlət tərəfindən ayrılan dotasiya hesabına fəaliyyət göstərdiyi iddia olunur.
 
Əgər klubun stabil və normal sponsor dəstəyi olsaydı, nə bu miqyasda borclar yaranar, nə də həmin borcların mediaya sızması gündəmə gələrdi.
 
Məlumatlara əsasən, “sarı-göylər”in AFFA İntizam Komitəsinin qərarları üzrə təxminən 60 min manat borcu var. İstifadə olunan toplara görə borc 13 min manata yaxın, legioner lisenziyaları üzrə isə 10 min manat təşkil edir.
 
Bundan əlavə, akademiya üçün nəqliyyat xidmətləri göstərən şirkətə, aşağı yaş qruplarının komandaları üçün alınmış formalara, “Fresh Catering”ə, eləcə də otellərə olan borclar da qalmaqdadı.
 
Bununla bağlı klubun mətbuat xidmətinin əməkdaşı Gəray Qiyasov matc.az saytına bildirib ki, Peşəkar Futbol Liqasına olan borc bütün klublarda olduğu kimidi: “Borc bizdə də mövcuddu və bunun bir hissəsi ötən mövsümdən qalandır. Bu borc da hissə-hissə ödənilir. Sadəcə, məbləğ şişirdilib. Digər borclar isə həqiqəti əks etdirmir”.
 
Maraqlıdı ki, əvvəlki rəhbərlik klubu xələflərinə təhvil verərkən büdcədə təxminən 700 min manat vəsaitin olduğu bildirilir. Bu, nə dərəcədə realdı? Amma  Qiyasov bu barədə danışmaq istəməyib.
 
Belədə suallar qaçılmazdı: əgər sponsorlar həqiqətən kluba maliyyə ayırırsa, bu qədər borc hansı səbəbdən yaranıb?
 
Yox, əgər klub yalnız dövlət dotasiyası hesabına günü-günə calayıb yaşayırsa, o zaman çempionatda iddiasız və nəticəsi olmayan komanda saxlamaq üçün xüsusi idarəçilik bacarığına ehtiyac yoxdu.
 
SAMİR
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest