“Kəpəz” yayda böyük bəh-bəhlə gətirdiyi beş legioner – Kaçper Rosa, Pedro Qomeş, Otar Aptsiauri və Vitor Feijao ilə qış fasiləsi başlamamış müqaviləyə xitam verdi. Kresus Donqo isə əvəzedici komandaya göndərildi. Onsuz da kasad olan klubun büdcəsi havaya sovruldu. Ötən həftə isə daha bir xəbər yayıldı ki, Cefferson Bentu komandaya qayıtmaq istəmir. Yəni, braziliyalı legioner də artıq qapazaltıya çevrilən bu heyətdə oynamağa utanır.

Bilənlər bilir, bilməyənlər üçün mən deyim: həmin altı futbolçunu “Kəpəz”ə gətirən klubun indiki rəhbərliyi, İdarə Heyətinin sədri Adil Vəliyev və onun ətrafında formalaşmış qapalı çevrə idi. Transfer siyasəti qohumbazlıq və şəxsi əlaqələr üzərindən idarə olunmuşdu. Çoxları bilirdi ki, bu proseslər Adil Vəliyevin yaxın qohumu Erkin İbrahimovun nəzarətində həyata keçirilirdi. Nəticə göz qabağındadı: xeyli pul xərcləndi, amma qarşılığında nəticə sıfır.

İndi isə ortaya maraqlı detal çıxır. Adil Vəliyevin “Kəpəz”dən uzaqlaşdığı barədə xəbərlər dolaşır. İdarə Heyətinin digər üzvü Afiq Süleymanov da ortalıqda yoxdu. Nə sirdirsə, adamların şəkilləri də klubun saytında görünmür. Dünən qərar verənlər, bu gün məsuliyyətdən qaçır. İllərdi adət etdiyimiz ssenari: dağıt, xərclə, burax və çıx get.

Bu xaosun içində tək-tük dirəniş göstərən biri varsa, o da Fərman Əlizadədi. Amma o da kluba obyekt kimi baxır, sadəcə işini  - “Aqrosport” haqda ətraflı araşdırma olacaq -  itirməmək və komandada qalmaq üçün mübarizə aparır. Acı həqiqət isə budu: təcrübəsiz kadrla ruhu sındırılmış komandanı xilas etmək çox çətindi.

Adil Vəliyevin “qaçdığı” barədə xəbərlərin yayıldığı bir vaxtda “Kəpəz” heyətinə yeni legioner cəlb edir. Gəncə təmsilçisi  Gürcüstan U-21 millisinin sabiq müdafiəçisi Mate Abuladze ilə razılaşıb. 25 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanacaq.


Yeri gəlmişkən, Erkin İbrahimov mövsümün əvvəlində komandaya gələndə portuqaliyalı legioner Dioqo Verdaska “Kəpəz”dən uzaqlaşdırılmışdı. Amma sonradan daha yaxşı futbolçu tapa bilmədiyi üçün 30 yaşlı müdafiəçi yenidən komandaya cəlb olundu və o, son turlar komandanı meydana kapitan sarğısında çıxardı.

Fərq budu: birinin öz marağı üçün yayda gətirdiyi futbolçular keyfiyyətsiz çıxır, rəqib bildiyin menecerin təklif etdiyi legioner isə komandanın ağırlığını çiyinlərində daşıyır...

Necə deyərlər, malın mal olunca...

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest