“Fənərbaxça” Avropa Liqasının “Viktoriya” ilə (0:0) oyununun hakimi Allard Lindhoutla ilə bağlı UEFA-ya rəsmi şikayət edib.
Matc.az xəbər verir ki, bu barədə “sarı kanaryalar”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə qeyd olunub:
“Klubumuz Avropa Liqasındakı “Viktoriya” ilə oyunda hakim Allard Lindhoutun qərarları ilə bağlı UEFA-ya rəsmi müraciət edib.
Müraciətimizdə UEFA-dan hakimin oyun boyunca idarəçilik tərzinin və onun səhv qərarlarının matçın nəticəsinə birbaşa təsirini nəzərə alaraq, hadisələri lazımi ciddiyyətlə və təcili şəkildə araşdırmasını xahiş etmişik.
UEFA tərəfindən proses rəsmi şəkildə başladılıb və araşdırmanın gedişi ilə bağlı məlumat ictimaiyyətə təqdim olunacaq”.
Qeyd edək ki, "Fənərbaxça" Avropa Liqasının Liqa mərhələsində 4 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.












