Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Superliqa təşkilatçılarının Çempionlar Liqasının formatının dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın mətbuat xidməti yayıb.
Bildirilir ki, UEFA-nın baş katibi Teodor Teodoridis Superliqa layihəsini təbliğ edən A22 şirkətinin həmtəsisçisi Anas Laqrari ilə görüş keçirib, lakin görüş heç bir nəticə verməyib.
Çempionlar Liqasına təklif edilən dəyişikliklər UEFA reytinqinə əsasən 36 komandanın 18 klubdan ibarət iki qrupa bölünməsini nəzərdə tuturdu. Hər komanda səkkiz oyun keçirəcəkdi. Üst qrupda ilk səkkiz yeri tutan komandalar 1/8 finala yüksələcəkdi, aşağı səkkizlik isə ilkin pley-off mərhələsində ikinci qrupdakı ən yaxşı səkkiz komanda ilə qarşılaşacaqdı.
Hazırda Çempionlar Liqasında 36 klub iştirak edir. Bütün komandalar birinci mərhələdə səkkiz oyun keçirir - dördü evdə, dördü isə səfərdə. Bütün klublar bir turnir cədvəlincə mübarizə aparır, ilk səkkizlik avtomatik olaraq 1/8 finala yüksəlir və pley-offda 9-24-cü yerləri tutan komandalar qalan pley-off iştirakçılarını müəyyənləşdirir. Çempionlar Liqası ötən mövsümdən bu formatda keçirilir.












