Erlinq Haland Norveç futbol tarixinə növbəti dəfə adını yazdırıb. "Mançester Siti"nin hücumçusu milli komandasının heyətində dünya çempionatlarında ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.

Matc.az xəbər verir ki, təcrübəli forvard bu nailiyyətə Seneqala qarşı keçirilən görüşdə imza atıb.

Haland sözügedən matçda 2 qol vuraraq komandasının 3:2 hesablı qələbə qazanmasında və turnirin pley-off mərhələsinə vəsiqəni təmin etməsində əsas rol oynayıb.

Ulduz hücumçu bu rekordu qırmaq üçün cəmi iki oyuna ehtiyac duyub. Cari dünya çempionatında artıq 4 qol vuran forvard bununla da əvvəlki rekordçu Şetil Rekdalı geridə qoyub. Keçmiş yarımmüdafiəçi iki fərqli dünya çempionatında (1994 və 1998) iştirak edərək ümumilikdə iki qol vurmağı bacarmışdı.

Qeyd edək ki, Norveç qrup mərhələsinin son turunda iyunun 26-da Fransa ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest