Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) təşkilat rəhbərliyinə qarşı tənqidi fikirlərinə görə paraqvaylı şərhçi Xorxe Veranın 2026-cı il dünya çempionatı üçün akkreditasiyasını ləğv edib.
Matc.az xəbər verir ki, bu barədə Paraqvayın "Nanduti" radiostansiyası məlumat yayıb.
Bu qərar Veranın qrup mərhələsində Paraqvay və Türkiyə yığmaları arasında keçirilən matçın (1:0) yayımı zamanı səsləndirdiyi fikirlərdən sonra qəbul edilib. Sözügedən oyunda paraqvaylı hücumçu Migel Almiron münaqişə zamanı əli ilə ağzını bağladığı üçün meydandan qovulub. O, futbol tarixində belə bir qayda pozuntusuna görə qırmızı vərəqə alan ilk oyunçu olub.
Bildirilir ki, şərhçinin akkreditasiyasının ləğv edilməsinə səbəb onun "FIFA rəsmilərinə qarşı təkrarlanan şəxsi hücumları və təhqiramiz şərhləri" olub.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirdə ilk dəfə 48 komanda mübarizə aparır. Argentina hazırkı dünya çempionudur.













