"Rostov" azarkeşi Rodion Balakin süni intellekt vasitəsilə hazırlanmış saxta biletlə Özbəkistan və Kolumbiya yığmaları arasında keçirilən dünya çempionatının qrup mərhələsi oyununa daxil olub.

Matc.az xəbər verir ki, rusiyalı fanat bu barədə "VKontakte" sosial şəbəkəsindəki şəxsi səhifəsində məlumat paylaşıb.

Özbəkistan və Kolumbiya komandalarının qarşılaşması Mexikodakı məşhur "Ateka" stadionunda baş tutub və kolumbiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Balakin süni intellektin köməyi ilə elektron bilet hazırlayaraq bir neçə mühafizə və yoxlama məntəqəsindən keçməyi bacarıb. Sonuncu yoxlamada o, stadiona pirotexniki vasitə (fayer) keçirdiyi üçün tribunadan qovulan kolumbiyalı bir azarkeşlə qarşılaşıb. Rusiyalı fanat yaratdığı biletlə həmin azarkeşin də yenidən stadiona daxil olmasına köməklik edib. Lakin Balakin özü tribunaya oyunun sonlarında çatdığı üçün matçı demək olar ki, izləyə bilməyib.

Qeyd edək ki, dünya çempionatı Meksika, ABŞ və Kanadada təşkil olunur. Turnirdə ilk dəfə 48 komanda iştirak edir və yarış iyulun 19-da başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest