Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) dünya çempionatının pley-off mərhələsi start götürməzdən əvvəl penalti seriyasından qabaq püşkatma qaydasını dəyişmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzetinin jurnalisti Martin Ziqler özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Bildirilir ki, FIFA Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) qaydanı elə dəyişməyi xahiş edib ki, hakim oyunlardakı 11 metrlik zərbələrdən əvvəl püşkü iki dəfə deyil, yalnız bir dəfə atsın. Püşkatmanın qalibi ya zərbələrin növbəliyini, ya da penaltilərin vurulacağı qapını seçmək hüququ qazanacaq. Məğlub tərəf isə yerdə qalan ikinci seçimi edəcək.
Hazırkı qaydalara görə, hakim penalti seriyasından əvvəl püşkü iki dəfə atır. İlk püşkatma ilə zərbələrin növbəliliyi, ikincisi ilə isə zərbələrin vurulacağı qapı müəyyənləşdirilir.













