Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı, komandasının qollarından birinin müəllifi Abdullah Zubir oyundan sonra müsahibə verib.
34 yaşlı futbolçu həm bu görüş, həm də UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşıdan gələn "Kopenhagen" oyunu barədə danışıb.
– Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz. Rəqib ilk dəqiqədən qırmızı vərəqə aldı. Bu qələbəni necə şərh edərsiniz?
– Yaxşı rəqibə qarşı yüksək səviyyəli oyun keçdi. "Qəbələ" 10 nəfərlə qalsa da, çox yaxşı oynadı. Matç çox mürəkkəb keçdi. Nəticədə qalib gəldik və buna görə xoşbəxtik.
– Ötən tur "Araz-Naxçıvan"la oyunda rəqibiniz qırmızı vərəqə almışdı və hesab 5:0 sizin xeyrinizə bitmişdi. Hər kəs eyni oyunu xatırlayır, amma bu dəfə hesab sadəcə 2:0 oldu. Buna səbəb nədir?
– Ən önəmlisi qələbədir. İndi diqqətimizi öz oyunumuza yönəltməliyik.
– Bu gün ilk hissədə mərkəzdə oynadınız. Sizin üçün daha rahat mövqe hansıdır – sol, yoxsa sağ cinah?
– Mənim üçün fərqi yoxdur. Məşqçi harada oynamağı tapşırırsa, orada da çıxış edirəm.
– Növbəti oyununuz UEFA Çempionlar Liqasının II turunda "Kopenhagen"ə qarşı olacaq. Bu matça hazırlığınız və motivasiyanız necədir?
– Bəli, "Kopenhagen"lə vacib oyunumuz var. Onlar böyük komandadır, çox güclüdürlər. Biz yaxşı hazırlaşmalı, bərpa olunmalı və evdə yaxşı nəticə qazanmağa çalışmalıyıq.
– Portuqaliyada "Benfika"ya qalib gəldikdən sonra "Kopenhagen"lə görüşdən də 3 xal qazanmaq barədə nə düşünürsünüz?
– Bilirsiniz, bu futboldur. Burada heç nəyi əvvəlcədən demək olmaz. Əlbəttə, hər dəfə qələbə qazanmaq istəyirik, amma bilirik ki, "Kopenhagen" çox güclü komandadır. Biz diqqətimizi cəmləməli və ən yaxşı nəticə üçün çalışmalıyıq.
– İlk oyundakı qələbədən sonra bəziləri deyir ki, "Qarabağ" Çempionlar Liqasının növbəti mərhələsinə çıxa bilər…
– Yol çox uzundur. Görürsünüz ki, kimlərə qarşı oynayırıq. Rəqiblər hamısı TOP komandalardır. Biz bir-bir oyunlar keçirərək maksimum xal toplamalıyıq. Sonra hansı mövqedə bitirəcəyimiz məlum olacaq. Əlbəttə, rəqabət aparırıq və mərhələ adlamağı istəyirik, amma bu, asan deyil.
– Növbəti mərhələyə keçmək üçün sizcə, neçə xal kifayət edər?
– Bilmirəm, təxminən 10 xal ola bilər. Amma dəqiq demək mümkün deyil.
(teleqraf.az)












