“Benfika” üzərindəki qələbə "Qarabağ"a UEFA reytinqində 2 xal qazandırıb və klub 60-cı yerdən 55-ci pilləyə yüksəldi.

Matc.az xəbər verir ki, Azərbaycan çempionu 37 xalla Çempionlar Liqasının pley-off mərhələsində məğlub etdiyi Macarıstanın “Ferentsvaroş” və Serbiyanın “Srvena Zvezda” komandalarını qabaqlayıb. Bu klubların da 37 xalı var, lakin “Qarabağ” Budapeşt və Belqrad təmsilçilərinə nisbətən cari mövsümdə daha yaxşı çıxış etdiyi üçün onların önündə qərarlaşıb.

Əgər “Qarabağ” uğurlu çıxışını davam etdirsə, yaxın zamanda “Gent” (39 xal), “Sevilya” (39) və “Seltik”i (38) də geridə qoya bilər. Belçika və İspaniya klubları bu mövsüm avrokuboklarda iştirak etmir, buna görə də “Qarabağ”ın onları keçməsi üçün cəmi 2 xal toplaması kifayətdir.

Bununla yanaşı, Avropa Liqasında çıxış edən “Ferentsvaroş” və “Srvena Zvezda”nın təqibindən qorunmaq, həmçinin aşağı pillələrdə qərarlaşan digər komandaların yaratdığı təhlükəni də nəzərə almaq lazım gələcək.

Cari mövsümdə “Qarabağ” 8 xal qazanıb: 6 xalı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəyə görə, 2 xalı isə “Benfika” üzərində qələbəyə görə əldə edib.

8 xalla “Qarabağ” bu mövsüm Avropada ən çox xal toplayan klubdur. Azərbaycan çempionu ilə birgə liderliyi Madridin “Real”, Londonun “Arsenal” və “Tottenhem”, həmçinin Belçikanın “Union” klubları da bölüşür. Bunlar dünən Çempionlar Liqasının ilk turunda qələbə qazanan komandalardır.

“Qarabağ”ın rekord göstəricisi isə 11 xaldır. Bu nəticə 2023/24 mövsümündə qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest