"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində Portuqaliyada "Benfika"nın qonağı olacaq.

Matc.az xəbər verir ki, Azərbaycan çempionunun yarımmüdafiəçisi Kadi Borges oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Baş məşqçinin deşiyi kimi oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı. Amma istənilən halda sabahkı matça və turnirə hazırıq. Çempionlar Liqasında iştirak etmək hamımızın arzusu idi. 3 dəfə pley-offda məğlub olmuşduq. Bu dəfə nəhayət ki istəyimizə çatdıq. Məsuliyyətli olmalıyıq. Çox sevincliyik. Ümid edirəm ki, yaxşı oyunlarımızdan birini göstərəcəyik.

- Komandanızda Portuqaliyada oynamış kifayət qədər futbolçu var. Bu, sabahkı matçda sizin üçün faydalı ola bilər?

- Portuqaliyada çıxış etsək də, bir çox futbolçu yüksək liqada oynamayıb. Biz hər il avrokuboklarda iştirak edirik, güclü komandalara qarşı oynayırıq. Çətin oyunların nə olduğunu bilirik. Portuqaliyada oynamağımızın hansısa təsirinin olacağına inanmıram.

- Sabah komandanın oyun fəlsəfəsi dəyişəcək?

- Baş məşqçimiz 17 ildir komandadadır. İnanmıram ki, sabah oyun fəlsəfəsi dəyişsin. Həmişə öz oyun üslubumuza sadiq qalmışıq. Bu dəfə də elə olacaq. Bu, biz oyunçular üçün çox vacibdir.

- İlk dəfə Çempionlar Liqasında oynayacaqsan. Bu matçı karyeranın ən önəmli oyunu hesab etmək olar?

- Növbəti oynayacağımız matç mənim üçün həmişə ən önəmlisidir. Təbii ki, Çempionlar Liqasının nüfuzunu nəzərə alanda belə düşünmək olar. Bizim üçün çox vacib oyundur. "Benfika" böyük klubdur. Onların heyətində dünya səviyyəsində oyunçular var. Buna baxmayaraq rəqibin oyununu yaxşı təhlil etmişik. Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini göstərəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest