"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis səfər görüşündən sərfəli nəticə ilə dönmək istədiklərini söyləyib:
"Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. "Şelburn" barəsində ancaq xoş ifadələr işlətmək olar. Bu komandanın oyununu canlı izləmişə, özünə xas oyun üslubu var. Oyun təcrübəsi baxımından rəqibin bizdən üstünlüyü var. Artıq Çempionlar Liqasında iki görüş keçiriblər. Bu baxımdan, onlar artıq bəzi göstəricilərə görə bizdən üstündürlər. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı qarşılaşmada səhvsiz oynamaq istəyirik. İnanıram ki, azarkeşlər üçün də maraqlı oyun olacaq. Stadionun azarkeş tutumu az olsa da, meydana toplaşan tərəfdarlar bunu hiss etdirmirlər. Onlar hər baxımdan qələbə üçün istəklidirlər.
Təhlükəni əsas olaraq, onların oyun sürətində görürəm. Əks-hücumda sürətlidirlər, standart vəziyyətlərdə çox təhlükəlidirlər və oyun mövqeləri də yaxşıdır. Ona görə də, sabah çalımalıyıq ki, az səhv edək".
Klub olaraq öz işimizə məsuliyyətli yanaşırıq. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, qazanılan uğur hər il ən azı təkrarlanmalıdır. Həmişə istəkli kollektivimizin olmasına çalışmışıq. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruyub saxlaya bilmişik. Əlbəttə ki, problemlər olur, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Amma 11 il qrup mərhələlərində oynamağı böyük uğur hesab edirik".
Qeyd edək ki, "Tolka Park"dakı "Şelburn" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.