“Kəpəz”in gürcüstanlı futbolçusu Mate Kvirkviyanın matc.az saytına müsahibəsi
 
- Söhbətə ölkə çempionatının XXVII turunda “Zirə”yə məğlub olduğunuz oyundan başlayaq. “Kəpəz” Adil Şükürovun gəlişindən sonra ən zəif matçını keçirdi. Bununla razısınız?
 
- Razıyam. Həqiqətən də, “Zirə”yə qarşı ənənəvi oyunumuzu göstərə bilmədik. Futbolda belə hallar olur. Bütün görüşləri eyni səviyyədə keçirmək mümkün deyil. Şəxsən özüm “Zirə” ilə qarşılaşmaya da yaxşı motivasiya ilə çıxmışdım. Ancaq istədiyimi meydanda həyata keçirə bilmədim.
 
- Milli komandanın toplanışı ilə əlaqədar çempionatda fasilənin yaranması “Kəpəz”in xeyrinə olacaq, ya ziyanına?
 
- Fasilə müddətində oyunlardakı səhvlərimizi təhlil edirik, onları aradan qaldırmaq üçün məşqlərdə var gücümüzlə çalışırıq. Bu səhvləri növbəti matçlarda təkrarlamasaq, daha güclü komandaya çevriləcəyik. Qarşıda bizi vacib oyunlar gözləyir.
 
- Növbəti matç “Qarabağ”a qarşı olacaq. Liderdən xal almaq şansınız var?
 
- Bizi çətin oyunun gözlədiyini dərk edirik. Bununla belə, “Qarabağ”dan xal və ya xallar ala biləcəyimizi düşünürəm. Meydana bu istəklə çıxacağıq və əlimizdən gələni edəcəyik.
 
- Hazırda sonuncu pillədə qərarlaşan “Qəbələ”ni 11 xal qabaqlayırsınız. “Kəpəz”in Premyer Liqada qalacağını əminliklə söyləmək olar?
 
- Bu qədər fərqin olması komfort deməkdi. Özümüzü sakit, rahat hiss edirik. Ancaq 11 xallıq fərq Premyer Liqada qalacağımıza zəmanət vermir. Buna görə də işləməyə davam etməli, son dövrədə də maksimum xallar toplamalıyıq.
 
- Komandanız uzun müddətdi ki, Gəncədə oynaya bilmir. Buvaxtadək ev matçlarınızı müxtəlif stadionlarda keçirməli olmusunuz. Bu məqam sizi yormur, yoxsa artıq alışmısınız?
 
- Təbii ki, bizim üçün rahat deyil. Ancaq küçəyə çıxanda belə, özümüzü tənha hiss etmirik. Harada oynamağımızdan asılı olmayaraq, möhtəşəm fanatlarımız həmişə yanımızdadı. Yəni o qədər də böyük çətinlik yaşamırıq.
 
- Gələcək karyeranızla bağlı hansı planlarınız var? Növbəti mövsümdə də “Kəpəz”in formasını geyinmək istəyirsiniz?
 
- Düzünə desəm, gələcək karyeramla bağlı hələ düşünmürəm. İndiki məqamda fikrimi ancaq oyunlara yönəltmişəm. Vaxt gələcək, bu məsələ ilə bağlı götür-qoy edərək yekun qərarımı verəcəyəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest