İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri yekunlaşdı. Boks ölkəsi kimi, mühüm yarışa 9 idmançı ilə qatılan Azərbaycan aktivinə yalnız bir lisenziya yazdıra bildi - 51 kq-da Nicat Hüseynov ümidləri doğruldub "Paris-2024"ə vəsiqəni cibinə qoydu, vəssalam.
 
8 boksçumuz əli ətəyindən uzun qayıtdı. Ümumi nəticə, əlbəttə ki, uğursuzluqdur. Öz də ciddi uğursuzluq. Niyə?
 
Bütün federasiyalara olduğu kimi, boks federasiyasına da aylardır dövlət büdcəsindən yüzminlər ayrılıb ki, məhz kişili-qadınlı yığmalarımız dünyanın dörd bir tərəfində yüksək səviyyədə təlim-məşq toplanışları keçərək mötəbər turnirlərə ciddi hazırlaşsınlar. Dövlətin idmana yatırdığı sərmayənin ucu-bucağı görünmür, dünyada idmana bu qədər vəsait sərf edən az dövlət var.
 
Təkcə bu fakt İtaliya turnirinin nəticəsinin millilərimiz üçün fiasko olduğunu deməyə tam əsas verir.
 
Azərbaycan Boks Federasiyası isə nə edir - dünyada idman ölkəsi kimi tanınan, sayılıb-seçilən Respublikamızı pərən-pərən düşmüş, acından ölən Ermənistanla müqayisə edir...
 
Belə desək, öz aləmlərində İtaliyadakı uğursuzluğu manipulyasiya etməyə çalışırlar, guya. Amma qaş düzəldən yerdə üst-başlarını bulayırlar.
 
Busto Arsizioda olimpiadaya 9 lisenziya qazanan maddi və hər mənada bizdən məhdud imkanlı Qazaxıstan (5) və Özbəkistandan (4) utanmaq əvəzinə, ölkəmizi dünyanın ən bərbad respublikası ilə müqayisə edib bunu sosial şəbəkə hesablarında paylaşmaq rüsvayçılıqdan başqa bir şey deyil!
 
Ayıbın ikincisinə baxın: Federasiyanın sosial şəbəkə hesabları İtaliya turnirindən paylaşdığı press-relizin içinə Azərbaycanın olimpiadaya daha əvvəl əldə etdiyi 2 lisenziyanı da dürtüb ki, lisenziya sayı gözə çox görünsün və uğursuzluq ört-basdır edilsin.
 
Paylaşımda "Azərbaycanın kişilərdən ibarət yığması İtaliyada uğurla çıxış edib" cümləsindən şəxsən mən bir azərbaycanlı kimi hazırlıqlara dövət büdcəsindən sərf edilən yüzminləri göz önünə gətirib utandım, bunlarda o üz yoxdur, faktiki.
 
"Azərbaycan millisi Qafqazda da boksun lideridir. Gürcüstan cəmi 1 vəsiqə qazanıbsa, Ermənistan lisenziya əldə etməyib"... - Bu ifadəyə veriləcək şərh olmamalıdır, məncə!
 
Həya yaxşı şeydir, olan yerdə... 
mediasport.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest