"Mauritsio Sarrinin yaxşı təşkil olunmuş komandasına qalib gəlməyin lazım olduğunu bilirik"
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis yaxşı nəticə üçün rəqibə təzyiq etməyin lazım olduğunu bildirib.
“Səbirli olmaq və hər şey dərhal nəticə verməsə, üzülməmək vacibdir. Bu, qarşıdakı oyunun bir hissəsi olacaq. 90 dəqiqə vaxtımız var. Bizə sərin fikirlər lazımdır. Emosiyaları hiss etməliyik.
Vəziyyət aydındır. Ən yaxşı şəkildə oynamaq üçün təzyiqi hiss etməliyik. Mauritsio Sarrinin yaxşı təşkil olunmuş komandasına qalib gəlməyin lazım olduğunu bilirik. Ümid edirik ki, azarkeşlər və doğma stadion iki top fərqi ilə qalib gəlmək məqsədimizə çatmaqda bizə kömək edəcək”- deyə, Tuxel vurğulayıb.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda “Latsio” 1:0 hesablı qələbə qazanıb.