Veteran futbolçu, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayevin matc.az saytına müsahibəsi

- Çempionatın ikinci yarısında artıq 2 tur geridə qalıb. Bu iki turda sizi müsbət və ya mənfi mənada təəccübləndirən komandalar varmı?

- Hələ komandalar optimal formada deyillər. Buna görə də hər hansı birinin çıxışını bir neçə turdan sonra daha dəqiq dəyərləndirmək olar. İki tur ərzində müsbət və ya mənfi mənada təəccüblü heç nə baş vermədi. Optimal formalarını yığandan sonra komandaların nəyə qadir olduqlarını görəcəyik.

- "Zirə" uzun müddət qərarlaşdığı 2-ci pilləni tərk edərək 4-cü yerə düşdü. Bu gedişatı gözləyirdiniz? "Zirə"nin əvvəlki mövqeyinə qayıtmaq şansını necə dəyərləndirirsiniz?

- “Zirə” artıq ikinci pillədəki mövqeyini də itirdi. Çempionatda bir neçə turdu ki, qalib gələ bilmirlər. Amma “Sabah”la matçı oyun baxımından “Zirə”nin aktivinə yazmaq olar. “Zirə” sərgilədiyi oyuna görə qələbəyə yaxın idi. Ancaq son dəqiqədə penaltidən qol buraxaraq məğlub oldular. İnanıram ki, “Zirə” komandası ən azından “3-lük” uğrunda sonadək mübarizə aparacaq. Onların mövsümü ilk “3-lük”də bitirməsi mənim üçün qeyri-adi hal olmaz. Çünki komandanın potensialı var. Bəzən bəxtsizlik amili də olur ki, qələbə qazana bilmirlər.

- Baş məşqçi postuna Miodraq Bojoviçi gətirən "Neftçi"nin oyununda müsbətə doğru dəyişiklik hiss olunur?

- “Neftçi” çempionatın ikinci yarısında “Sabah”la heç-heçə edib və “Qəbələ” üzərində qələbə qazanıb. Böyük irəliləyişə nail olduqlarını, əla oyun göstərdiklərini deyə bilmərəm, hələ onu sezmək olmur. Bojoviçin işinə bir neçə oyundan sonra qiymət vermək daha doğru olardı. İndiki durumda məşqçi dəyişikliyindən sonra “Neftçi”də böyük sıçrayış olduğunu deyə bilmərəm. “Neftçi”nin xüsusən “Qarabağ”la oyunlarından sonra baş məşqçinin nəyə qadir olduğunu qabarıq şəkildə görəcəyik.

- Qış fasiləsində klublarımızın etdiyi transferlər arasında hansılar sizin üçün ən diqqətçəkən oldu?

- Qış fasiləsində legioner futbolçuların cəlb olunmasında elə də aktivlik müşahidə edilmədi. Bunun həm mənfi, həm də müsbət tərəflərini qeyd etmək istəyirəm. Mənfi tərəfi odu ki, klublar istədikləri futbolçularla yəqin razılığa gələ bilmədikləri üçün transferlər az oldu. Müsbət cəhəti isə odu ki, əvvəlki illərdən fərqli, klublar kimi gəldi transfer etmək istəmirlər. Transferlərə daha həssas yanaşırlar. Ümumi götürəndə elə bir gözəçarpan transfer olmayıb. Sadəcə, bir səsli-küylü keçidi qeyd etmək olar, o da Aleksey İsayevin “Sabah”dan “Qarabağ”a transferidi. Hələ “transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün var.

- Çempionatımızda hakim idarəçiliyindən narazılıqlar davam edir. Referilər rəqabətli keçən mövsümdə gərgin oyunların öhdəsindən gələ bilmirlər?

- Təəssüflər olsun ki, çempionatda hakim səhvləri hər tur qabarıq şəkildə özünü göstərir. İki-üç təcrübəli referini çıxmaq şərtilə, əsasən gənc hakimlərimiz çempionatın yükünü öz çiyinlərində lazımi qədər daşıya bilmirlər. Yersiz fitçalmalar, oyunun dayandırılması halları çox olur. Bəzən dinamik keçən görüşdə hakim hər dəqiqəbaşı fit çalaraq, oyunu sönük məcraya daşıyır. VAR ilə problemlər yaşanır, VAR-a baxdıqdan sonra gec qərar verirlər, qərar verməkdə çətinlik çəkirlər. Hakimlər, əsasən də cavanlar sanki hər iki komandaya, məşqçilərə, futbolçulara özlərini sübut etmək üçün bir az oyun davranışlarından kənara çıxırlar, özlərini meydançanın ağası hiss edirlər. O hakim güclüdü ki, meydanda çox görünməsin. Referilərimiz hər epizodda fit çalmaqla, yanlış qərarlar verməklə bəlkə də TV-də çox görünmək istəyirlər (gülümsəyir). Bunun qarşısı alınmalıdı. Çünki çempionatın sonuna yaxınlaşdıqca gərginlik artacaq, hakimlər daha diqqətli olmalıdılar. Klub rəhbərlərinin, futbolçuların və məşqçilərin əməyini yerə vurmaq olmaz. Hakimlər ədalətli davranmalı və dediyim kimi, meydanda bacardıqca az görünməlidilər. Hətta VAR-a baxdıqdan sonra doğru qərar qəbul etməməklə böyük yanlışlıqlara yol verirlər. Ümid edirəm ki, bu hallar aradan qalxar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest