Beynəlxalq Boks Assosiasiyası (IBA) Rusiya və Belarus idmançılarının bu il keçiriləcək dünya çempionatına buraxılması səbəbindən mundialı boykot edən milli federasiyaların rəhbərlərinə qarşı intizam işi açıb. Matc.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
IBA ötən ilin oktyabrında Rusiya və Belarus idmançılarının yarışa buraxılacağını elan edib. Qərara əsasən, boksçular öz ölkələrinin bayraqları altında iştirak edəcək və qalib gələcəkləri təqdirdə himnləri səsləndiriləcək. Başda ABŞ, Kanada, Böyük Britaniya və Ukraynanın boks assosiasiyaları olmaqla bir sıra ölkələr bu üzdən dünya çempionatında iştirakdan imtina edib.
 
Artıq ABŞ Boks Federasiyasının baş icraçı direktoru Mayk Makati, Kanada Boks Federasiyasının prezidenti Rayan Oşi, çexiya Boks Assosiasiyasının prezidenti Marek Şimak, İsveç Boks Assosiasiyasının sədri Per-Aksel Syoholm və Yeni Zelandiya Boks Federasiyasının prezidenti Stiv Hartliyə qarşı intizam işi açılıb. IBA həmçinin turnirlərin boykotuna qoşulan digər milli federasiyaların rəsmiləri barədə də araşdırma aparır.
 
Qeyd edək ki, qadınlar arasında dünya çempionatı martın 15-dən 31-dək Hindistanın Nyu-Delhi şəhərində, kişilərin mundialı isə mayın 1-dən 14-dək özbəkistanın Daşkənd şəhərində keçiriləcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest