"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:3 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bəzən belə oyunların bitməsini istəmirsən. Meydanda əsl futbol var idi. "Sabah"ı əla oyuna görə təbrik edirəm. Bu oyuna görə "Sabah"a, rəhbərliyinə, məşqçisinə alqış düşür. Belə komanda qarşısındakı rəqibi də məsuliyyətli edir. Futbolçularımı da təbrik edirəm. Bu gün azarkeşlər də əsl futbol gördülər. Dinamika, mübarizə isə öz yerində".
 
Baş məşqçi məcburiyyətdən heyətdə bir neçə dəyişikliklər etdiyini söyləyib: "Maksim Medvedev və Rail Məmmədov təxminən 1 ay oynamayacaq. Bədavi Hüseynovun durumu ciddi deyil. Amma çox da risk etmək istəmədik. Digər oyunçuların daha çox sağlam olması üçün bu cür heyətlə meydana çıxdıq. Bəhlul Mustafazadə özünü yaxşı hiss etsə də, onu əvəzlədik. Futbolçular qısa vaxt ərzində çox matç keçirəcəklər. Bu səbəbdən oyunçuların sağlamlığını düşündük".
 
Təcrübəli mütəxəssis Bədavi Hüseynovun Avropa Liqasının qrup mərhələsində Fransa "Nant"ına qarşı matçda oynamaq ehtimalının olduğunu sözlərinə əlavə edib: "Sabah və ya növbəti gün dəqiq bilinəcək".
 
Qurbanov ikinci penalti epizodu zamanı oyunçularına etiraz etməsinin səbəbini də açıqlayıb: "Həmin an tez sevinirdilər. Penalti hələ vurulmamışdı. Ona görə belə reaksiya verdim".
 
Baş məşqçi hakimlik haqqında da danışıb: "Onlar üçün ən çətin matçlardan biri idi. Hər iki tərəfə qarşı səhvlər var idi və oyunun gedişatına görə idi. Bunlara səhv demək də olmaz".
 
Təcrübəli mütəxəssis son olaraq rəqibin çəkinmədən mübarizə apardığını xatırladıb: "Hücum etməyə çalışırdılar. 2-ci qoldan sonra futbolçuların emosiyaları həddindən artıq idi. çox sevindilər. Oyunun ritmi bir qədər itdi. Futbolçular mövqe dəyişikliklərinə öyrəşincə rəqib bunlardan istifadə etdi. Oyun elə idi ki, hər nəticəyə həm hazır, həm də razı idim. İstənilən nəticə ola bilərdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest