Bu həftə Misli Premyer Liqasında 6-cı turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, "Qəbələ" turun ikinci günündə meydana çıxacaq.
 
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda öz meydanında "Neftçi" ilə üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda baş tutacaq matç rəqiblərin 61-ci dueli olacaq. Komandalar indiyədək 60 dəfə qarşılaşıb. Aktivində 18 qələbə olan "Qəbələ" 16 heç-heçə edib və 26 dəfə məğlub olub. Rəqib qapısına 73 top vuran "Qəbələ" futbolçuları 87 qol buraxıb. 
 
Sentyabrın 10-dakı oyun Premyer Liqa çərçivəsində 56-cı qarşılaşma olacaq. Əvvəlki 55 matçda 17 qələbəsi olan "Qəbələ" 13 dəfə bir xalla kifayətlənib və 25 dəfə uduzub. Rəqib qapısına 66 dəfə yol tapan "qırmızı-qaralar" 82 top buraxıb. 
 
"Qəbələ" "Neftçi"ni 31-ci dəfə qəbul edəcək. Əvvəlki 30 matçda bu komanda 9 dəfə qalib gəlib, 7 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 38, qonaqlar 43 qol vurub.
 
Xatırladaq ki, sentyabrın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest