Ötən gün "Neftçi" öz meydanında "Kəpəz"i ağır məğlubiyyətə uğratdı. II tur çərçivəsində baş tutan oyunda 11, 12, 15-ci dəqiqələrdə qol buraxdıqdan sonra Yaşar Vahabzadənin komandası tribunalara toplaşan azarkeşlərini hiddətləndirdi. İlk qol vurulan kimi Gəncədən gələn "Xəmsə" "Kəpəz Ultras" fan-klublarının üzvləri durmadan "Yaşar, istefa" şüarları səsləndirməyə başladılar. Qarşılaşma bitənə qədər "Kəpəz" fanatları susmadı. Matçın sonunda isə 5 qol buraxan oyunçuları yanlarına çağırıb onlara iradlarını bildirib, ürək sözlərini çatdırdılar. Oyun sonrası mətbuat konfransında isə qulaqlarının yaxşı eşitdiyi bəlli olan Vahabzadə tribunadakıların çağırışına məhəl qoymadı. Gəncəli futbolsevərlər futbolçuları yola saldıqdan sonra tribunaya gəlməyən baş məşqçini yenidən istefaya səslədi. Əsas hadisələr bundan sonra baş verdi.

Komanda I Divizionda çıxış edəndən bəri bərbad oyuna və pis nəticələrə görə Yaşar Vahabzadəni istəməyən azarkeşlərin bir qismi "Baksell Arena"da olan qonaq klubun avtobusuna doğru yollandı. Onların fikri Yaşar Vahabzadə ilə haqq-hesab çürütmək idi. Yaşar müəllim sən demə buna hazır imiş. Hər halda, ona "Kəpəz"dən çıx get" deyən azarkeşlərə, "məni bura siz təyin edibsiz?" cavabı verən mütəxəssis, onların "Kəpəz" azarkeşlərin klubudu, AFFA-nın və sənin yox" deməsinə "ə, siz bura söhbətə yox, dava eləməyə gəlmisiz, sizinlə başqa cür danışa bilərəm" deyərək, fan-klublardan birinin üzvünə əl-qol atdı.

Bu hadisədən sonra ara qarışdı, tərəfləri bir-birindən ayırdılar. Ara sakitləşəndən sonra gəncəli fanatların bir-ikisiylə söhbət edən Vahabzadə bildirdi ki, 3-4 oyundan sonra baş məşqçi postunu tərk edəcək.

Bu arada məlum hadisə ilə qarşı tərəfə tribuna verməyə hazırıq. Qeyd edək ki, bu məşqçinin azarkeşlərlə ilk davası deyil. Bir müddət öncə gəncəli fanatlara "mən dağlıyam, dağlıları bura tökərəm" deyən məşqçinin oğlu yaşında uşaqları duelə çağırması yaxşı hal deyil. sportfm.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest