"Qarabağ" Azərbaycan futbol tarixinə qızıl hərflərlə düşən daha bir zəfər yazdırıb. Matc.az saytı xəbər verir ki, Ağdam klubu çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Polşa çempionu "Lex"i darmadağın edib.
 
Poznandakı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, sərgilənən oyun təmsilçimizin uğuruna inam yaradırdı. Qurban Qurbanovun yetirmələri bunu Tofiq Bəhramov adına Respublika Stadionunda 5:1 hesablı qələbə ilə doğruldub.
 
"Qarabağ" (Azərbaycan) - "Lex" (Polşa) – 5:1
Qollar: Kadi Borqes, 14, 74, Filip Ozobiç, 42, Kevin Medina, 56, Abbas Hüseynov, 77 - Kristoffer Velde, 1
Hakimlər: Endryu Medli, Harri Lennard, Uod Smit, Simon Huper (hamısı İngiltərə)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 29. Marko Veşoviç (30. Abbas Hüseynov, 75), 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 75), 7. Riçard Almeyda, 8. Marko Yankoviç (18. İsmayıl İbrahimli, 83), 19. Filip Ozobiç (11. Kvabena Ovusu, 75), 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji (77. Ramil Şeydayev, 66)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboko (3. Barri Duqlas, 85), 16. Antonio Miliç, 37. Lyubomir Şatka, 6. Yesper Karlström (30. Nika Kvekveskiri, 85), 21. Mixal Skoraş (14. Georgi Tsiatişvili, 72), 22. Radoslav Muravski (11. Filip Maxvinski, 85), 23. Kristoffer Velde, 24. Joao Amaral (17. Filip Şimçak, 72), 9. Mikael İshak (k)
Ehtiyat oyunçular: 31. Kristof Bakovski, 35. Filip Bednarek, 14. Georgi Tsitaişvili, 20. Maksimilian Pinyo, 44. Alan çervinski, 90. Artur Sobieç
Baş məşqçi: Con van den Brom
 
Biri məcburi iki dəyişiklik
Qurban Qurbanov Poznandakı matçın heyətində iki dəyişikliyə əl atmışdı. Qapı və müdafiə xəttini toxunulmaz saxlayan təcrübəli mütəxəssisin hər iki əvəzləməsi orta sahə ilə bağlı idi. İlk qarşılaşmada zədələnən dayaq yarımmüdafiəçisi Qara Qarayevin durumu son ana qədər qeyri-müəyyən olsa da, millimizin üzvünü oyuna yetişdirmək mümkün olmayıb. Vitse-kapitan hətta ehtiyata da salınmamışdı. Həmçinin səfərdə start heyətində mübarizəyə başlayan Leandro Andrade də bu dəfə ehtiyatda qalmışdı. Onları müvafiq olaraq yeni transfer Marko Yankoviç və Filip Ozobiç əvəzləmişdi. Hər iki futbolçu Polşada son yarım saatda meydanda olmuşdu. Bu dəyişikliklərlə "Qarabağ"ın hücum gücü daha da artmışdı. çünki hücumameyilli oyunçu sayı çox idi.
 
üç gün əvvəl ehtiyat qüvvə ilə Polşa Superkuboku matçına çıxan "Lex"də isə ötən həftə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edən "11-liy"ə əl dəyilməmişdi. Məşqçilər korpusu Adriel Ba Lua, Afonso Souza və Daniel Ramiresi bu dəfə heç "23-lüy"ə də salmamışdı. Əvəzində gənc Filip Maxvinski ilə yeni transfer Georgi Tsitaişvili ehtiyatdan öz şanslarını gözləməli idilər.
 
İlk dəqiqə şoku
Poznan stadionundakı kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda da ilk dəqiqələrdən "Qarabağ"ın topa, ümumilikdə oyuna nəzarəti ələ alması gözlənilirdi. Hətta azarkeşlərin dəstəyi ilə Azərbaycan çempionunun erkən qol üçün daha sərt pressinqi ehtimal edilirdi. çünki təmsilçimiz birinci görüşdə minimal fərqlə məğlub olmuşdu. "Lex" isə ilk yarıda cəzalandırmadığın təqdirdə, ikinci hissədə müqaviməti artan komandadı.
 
Ancaq hakimin start fitindən heç 60 saniyə keçməmiş mərkəzi arenaya toplaşan 30 min azarkeş şok yaşadı. Kevin Medina önünə düşən topu başla sakitcə qapıçıya ötürmək əvəzinə özündən Amerika kəşf eləməyə çalışdı. Onun meydanın mərkəzinə tərəf atdığı top "Lex"in qolla nəticələnən sürətli əks-hücumunun təməlini qoydu. Halbuki səhv elədiyi epizodda Medinaya nə pressinq edən var idi, nə də tələsik topu uzaqlaşdırmağa məcbur edən. Nəticədə startdaca "soyuq duş" alan "Qarabağ" bir növ oyuna 1 yox, 2 top fərqilə geridən başladı. Bu da futbolçuları ilk dəqiqələrdən tələskənliyə məcbur elədi.
 
Medina səhvini "yudu", Vadjinin döyüşkənliyi bəhrə verdi
Futbolçularımızın özlərini toparlaması 10 dəqiqələrini aldı. Bu müddətdə yavaş-yavaş rəqibi qapısına sıxışdıran ev sahiblərinin tezliklə bərabərlik topu vurması qaçılmaz idi. çünki "Lex" o qədər geri çəkilmişdi ki, "Qarabağ"ın futbolçuları cərimə meydanı həndəvərində zərbə mövqeyinə rahat çıxırdılar. Bu pressinq 14-cü dəqiqədə bəhrəsini verdi. Bir anda irəli atılan Medina ardıcıl düz 3 epizodda top uğrunda mübarizəyə qoşuldu, onun rəqibə keçməsinə imkan vermədi. Yaranan təhlükəli hücumu isə Kadi Borqes ustalıqla uzaq küncə göndərdi. Hücumun qurulmasında müstəsna rol oynayan Kevin bununla buraxılan qoldakı səhvini "yudu".
 
Bu top "Qarabağ"ın futbolçularını bir qədər sakitləşdirdi. Komanda artıq daha təmkinli oynamağa başladı. "Lex"in orta sahədə buraxdığı ciddi səhvlər və boşluqlar ikinci top üçün tez-tez əlverişli zəmin yaradırdı. Lakin son ötürmələri ünvana dəqiq çatdırmaq heç cür mümkün olmurdu. İbrahima Vadjinin oyunboyu mübarizliyi fasilə ərəfəsində ikinci qola səbəb oldu. Seneqallı forvardın qapıçıdan cəld tərpənərək toxunduğu topu Ozobiç boş qapıdan keçirdi.
 
Antiqəhrəmandan qəhrəmana
"Qarabağ" ikinci hissəyə də bildiyimiz kimi başladı. Topa tam nəzarət edən təmsilçimiz qısa paslarla rəqibin müdafiə xəttində boşluq axtarırdı. Qonaqlar isə tamamilə geri çəkilərək, qapının toxunulmazlığı barədə düşünürdü. 4-lü müdafiənin önünə daha 4 nəfəri qoyan Con van den Bromun və yetirmələrinin matçı penaltilər seriyasına uzatmaq istəkləri aşkar hiss olunurdu. Belədə standart vəziyyətlərin əhəmiyyəti daha böyük olur. Azərbaycan çempionu da 56-cı dəqiqədə əlinə düşən bu fürsəti maksimum dəyərləndirdi. Kadi Borqesin zərbəsindən sonra qapıçı topu əlindən buraxdı və Medina bundan lazımınca yararlanaraq antiqəhrəmandan qəhrəmana çevrildi.
 
Növbədə "Sürix"di
Matç ərzində dayanmadan işləyən, rəqib müdafiəçilərinə rahat nəfəs dərmək imkanı verməyən Vadji ikinci hissənin ortalarında yorğun görünürdü. Qurban Qurbanov da onu çox keçmədən Ramil Şeydayevlə əvəzlədi. 3:1 hesabından sonra "Qarabağ" meydanda istədiyini rahatlıqla edirdi. Qonaqlar isə nə düz-əməlli müdafiə olunur, nə də hücum qururdu. Sanki geridə olan tərəf "Lex" yox, "Qarabağ" idi. Rəqibin təşviş içində oyunu, Azərbaycan çempionunun isə yüksək keyfiyyətli çıxışı sona yaxın möhtəşəm azarkeş ordusunun daha iki dəfə "qoool" deyərək coşmasına səbəb oldu. Əminliklə demək olar ki, Azərbaycan çempionu fərqi daha da artıra bilərdi. Di gəl ki, həm əvəzləmələr, həm də komandanın meydanda rahat oyunu buna əngəl oldu.
 
Beləliklə, "Lex" üzərində fantastik qalibiyyət əldə edən "Qarabağ" 2-ci təsnifat mərhələsinə yüksəldi. Oradakı rəqib isə İsveçrə çempionu "Sürix" olacaq. çempionumuz azarkeşlərin möhtəşəm dəstəyi ilə İsveçrə səfəri öncəsi üstünlük əldə etməyə çalışmalıdı. "Qarabağ" bu cütün də favoritidi. İndi qalır kağız üzərindəki üstünlüyü meydanda göstərmək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest