"Qarabağ"ın bu gün çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə keçirəcəyi cavab oyununa maraq çoxdur.  Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq kassalarda matç üçün cəmi 5 min bilet qalıb. 
 
Sözügedən oyuna biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək. Görüşdən əvvəl - saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq. Həmçinin "Bakı Metropoliteni" QSC oyunla əlaqədar bu gün gücləndirilmiş rejimdə işləyəcəklərini bildirib. 
 
Xatırladaq ki, bu komandalar arasında ilk görüş "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest