Azərbaycan çempionu “Qarabağ” 2022/2023 mövsümünə Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”ə qarşı səfər oyunu ilə start götürdü. Matc.az saytı xəbər verir ki, Ağdam təmsilçisi üstün keçirdiyi görüşdən minimalhesablı məğlubiyyətlə ayrıldı.
 
90 dəqiqə ərzində özünü qonaq kimi aparmayan “Qarabağ”ı məğlubiyyətə sürükləyən məqamlar rəqibin müdafiəsini yarmaqda çətinlik çəkməsi və cəmi bir epizodda etdiyi diqqətsizlik oldu.
 
“Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 1:0
Qol: Mikael İshak, 41
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Fiqeroa Vaskes (hamısı İspaniya)
“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboko, 16. Antonio Miliç, 37. Lyubomir Şatka, 6. Yesper Karlström, 21. Mixal Skoraş, 22. Radoslav Muravski (44. Alan Çervinski, 83), 23. Kristoffer Velde (50. Adriel Ba Lua, 62), 24. Joao Amaral (17. Filip Şimçak, 62), 9. Mikael İshak (k) (30. Nika Kvekveskiri, 79)
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 20. Maksimilian Pinyo, 90. Artur Sobieç
Baş məşqçi: Con van den Brom
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 82), 2. Qara Qarayev, 7. Riçard Almeyda (8. Marko Yankoviç, 62), 15. Leandro Andrade (19. Filip Ozobiç, 62), 10. Abdullah Zubir, 20. Kadi Borqes (11. Kvabena Ovusu, 82), 25. İbrahima Vadji (77. Ramil Şeydayev, 62)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
 
Optimal heyətlər və bənzər düzülüş
Baş məşqçiləri sevindirən məqam oyunçuların, demək olar ki, hamısının ixtiyarlarında olması idi. “Lex”də tək itki kimi müdafiəçi Bartoş Salamonun yoxluğunu qeyd etmək olar. Son illər mövsümə optimal heyətdən və formadan uzaq başlayan “Qarabağ”da isə bu dəfə vəziyyət fərqli idi. Həm yoxlama görüşləri, həm də oyunçuların durumu komandanın hazır olduğundan xəbər verirdi. Yeganə narahatlıq doğuran məqam oyunçuların istirahət üçün vaxtlarının olmaması idi.
 
Qurban Qurbanov səfərdə çıxış etmələrinə baxmayaraq, 4-3-3 taktiki sxemindən və hücumameyilli heyət seçimindən əl çəkməmişdi. Patrik Andradenin gedişindən sonra orta sahədəki boşluğu son vaxtlar formada olan Riçard Almeyda doldurmalı idi. Filip Ozobiçi ehtiyatda saxlayan çalışdırıcı pleymeyker mövqeyində Leandro Andradeyə güvənmişdi. Yeni transfer Marko Yankoviç və icarədən qayıdan Ovusu Kvabena isə ehtiyatdan başlamalı oldu. “Lex”in yeni baş məşqçisi Con van den Brom da əsas heyətə ciddi şəkildə əl vurmamışdı. “Lex”in düzülüşü 4-3-3 kimi görünsə də, əslində polşalılar 4-4-1-1-lə oynayırdı. Start heyətindəki oyunçulardan cəmi 2-si yerli olan “Lex”in əsasını əcnəbilər təşkil edirdi. “Qarabağ”da isə ilk dəqiqələrdən 5 Azərbaycan vətəndaşı mübarizə aparırdı.
 
Erkən diktə, sığortaçı kapitan
Poznan stadionundakı möhtəşəm atmosfer qarşısında oynamaq heç də asan deyildi. Ancaq böyük azarkeş təzyiqinə baxmayaraq, “Qarabağ” ilk dəqiqələrdən topa yiyələnərək həm öz oyununu diktə etməyi, həm də nəzarəti ələ almağı bacardı. Riçard Almeyda ilə Qara Qarayevin orta sahədə səliqəli top çevirməsi, ön xətt oyunçularını daim hərəkətdə saxlaması ev sahiblərinə müdafiə olunmaqdan başqa çarə qoymurdu. Azərbaycan çempionu bu dəfə ötən mövsümün bombardiri Kadi Borqesdən çox Abdullah Zubiri topla təmin edirdi. Bu da başadüşülən idi. Çünki rəqibin atletik müdafiə xəttini ancaq texnikalı oyunçu ilə yarmaq mümkün görünürdü. “Qarabağ”ın ən zəif nöqtəsi kimi müdafiənin sağ cinahını qeyd eləmək olar. Rəqib də tək-tük həmlələrini məhz ordan edirdi. Marko Veşoviçin müdafiəyə gec qayıtması Mixal Skoraşa ciddi boşluqlar verirdi. Ancaq monteneqroluya yaxın oynayan kapitan Maksim Medvedev təcrübəsi və düzgün yer seçimi sayəsində onu tez-tez sığortalayırdı. Bəzən isə komandamız hücuma atılanda Qara sağ cinaha çəkilirdi.
 
1 zərbəyə 1 qol
İlk 45 dəqiqə eyni tempdə keçdi. Meydanda yalnız bir komanda hücum edirdi ki, bu da “Qarabağ” idi. “Lex”ə özünü ev sahibi kimi aparmağa imkan verməyən komandamız getdikcə hücumu hər iki cinaha yaymağa başladı. Ancaq Kadinin ümumi ansambldan uzaq düşməsi hücumdakı kreativliyə mane olurdu. Təmsilçimizin yerinə yetirdiyi künc zərbələrinin sayı artıq itmişdi. Di gəl ki, həmin ötürmələrin heç birində rəqibə həyəcanlı an yaşatmaq mümkün olmurdu. Maraqlıdı ki, yerli azarkeşlərin “Lex”in meydanın mərkəzini keçməsinə sevindikləri bir görüşdə hesabı sürpriz şəkildə məhz polşalılar açdı. Fasilə ərəfəsində müdafiədə ani diqqətsizlik Poznan təmsilçisinin heç nədən təhlükəli hücum qurmasına və qol vurmasına yol açdı. Yenə müdafiəçilərin bir-birini sığortalama cəhdi bu dəfə uğursuzluqla nəticələndi. Sağ cinahdan yerlə ötürmə zamanı Veşoviç önündə boş qalan Mikael İshakı “bağlamağa” gecikdi və isveçli forvard topu boş qapıdan keçirməkdə çətinlik çəkmədi. Bu, həm də “Lex”in 45 dəqiqə ərzində qapıya ilk zərbəsi idi.
 
Xeyir verməyən əvəzləmələr
Komandanın üstün çıxışını nəzərə alan Qurban Qurbanov ikinci hissədə də eyni heyətə güvəndi. Hesabda öndə olan “Lex”in isə dişinin dibində şirə qalmışdı. Polşa təmsilçisi artıq bütünlüklə müdafiə olunmur, topa sahib çıxan kimi hücuma atılırdı. Bu, “Qarabağ”ın, xüsusən də, orta sahədə boşluqlar tapmasına gətirib çıxarırdı. Bəzi hallarda ağdamlılar rəqibi azlıqda yaxalasa da, ön xətt oyunçuları sanki ilk dəfə idi bir yerdə oynayırdılar. Çünki gah hücumu ləngidir, gah son ötürməni dəqiq verə bilmirdilər.
 
Artıq irəlidə oyunun alınmadığını görən Qurbanov bir saatın tamamından dərhal sonra üç əvəzləməni birdən etdi. Ozobiç, Yankoviç və Ramil Şeydayevin mübarizəyə qoşulması hücumun güclənməsinə hesablanmışdı. Xüsusən də, Almeydanı yeni transfer Yankoviçin əvəzləməsi ilə hücumameyilli oyunçuların sayı artdı. Ancaq bu, əks təsir də göstərə bilərdi. Çünki meydan sahibləri sürətli hücumlar zamanı Şahruddin Məhəmmədəliyevi tez-tez həyəcanlandırırdı. Komandamızın heyətində Kadinin formadan uzaq olması hücum gücünü, onsuz da, xeyli zəiflətmişdi. İkinci hissədə Zubir də tamam yorulmuşdu. Fransalı əksər epizodlarda topu ayağında çox saxlamaqla hücumu ləngidir və sonda onu itirirdi.
 
Cavab matçına ümid verən mübarizə
Qurban Qurbanov son ümid kimi, Ovusunu döyüşə atdı. Ancaq qanalı forvard da hücumdakı “dişsizliy”ə çarə olmadı. Son dəqiqələrdə təmsilçimizin kor-koranə həmlələrinin qarşısını məharətlə alan “Lex” antifutbol oynamasına baxmayaraq, istədiyi nəticəni qazanmağı bacardı. “Qarabağ” isə böyük hissəsini təkqapıya oynadığı matçdan məğlubiyyətlə ayrıldı.
 
“Qarabağ” indi iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda Polşa çempionuna ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Sərgilənən futbol və hesab bir həftə sonra bunun revanşını almaq baxımından ciddi ümid verir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest