Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində bu gün sonuncu görüşünü keçirəcək. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 9-cu turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. O, qara fiqurlarla oynayacaq.
 
Məmmədyarov daha öncə ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Dominqesə uduzub. Təcrübəli şahmatçı Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, yalnız FİDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.
 
Məmmədyarov hazırda 3 xalla Rapportla birlikdə 9-10-cu pillələri bölüşdürür. 5 xala malik Aronyan və So ilk pillələrdə yer alıb.
 
Bu gün yekunlaşacaq yarışın ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest