Güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandaları növbəti təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatından sonra bərpa prosesini başa vuran sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz mayın 8-dən təlim-məşq toplanışına başlayıb.
 
Sərbəst güləşçilər baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında geniş tərkibdə Bakıda məşqləri keçir. Olimpiya Güləş Mərkəzində təşkil olunan təlim-məşq toplanışında İsveçrə, Estoniya və Latviya yığma komandalarının üzvləri də iştirak edir. Əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər mayın 25-dək davam edəcək. Növbəti toplanışda taktiki-texniki çalışmalara üstünlük veriləcək.
 
Yunan-Roma güləşi üzrə millimiz isə ölkə xaricinə yollanıb. Komandamız mayın 8-dən Ankarada Türkiyənin müvafiq yığması ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 13 güləşçi hazırlıq prosesində iştirak edir. Mayın 27-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər nəzərdə tutulub.
 
Qeyd edək ki, təlim-məşq toplanışları avqustda Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına və sentyabrda Serbiyada baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest