Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun inkişafı, bu çərçivədə məşqçi heyətinin peşəkarlıq səviyyəsinin artımına nail olmaq istiqamətində bir sıra tədbirlər görməkdədir.  Matc.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində martın 7-də BCF-in Akademiyasında Azərbaycanın cüdo idman növü üzrə məşqçiləri üçün təlimlər başlayıb. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarətdir.
 
9 mayda BCF Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezekerin iştirakı ilə təlimin praktiki mərhələsi başlayıb. Mesut Kapan 6-cı dan qara kəmər sahibidir və BCF Akademiyasının akkreditasiya edilmiş təlimçisidir. 4-cü dan qara kəmər sahibi olan Kaya Gezeker isə BCF Akademiyasının Səfiri, regional koordinatoru və eyni zamanda, BCF-in Hərbi və Polis Komissiyasının direktorudur.
 
İki gün davam edəcək praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçirilir. Kata cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı vardır. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. Katanın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 40-dan artıq məşqçi təlimin praktiki mərhələsində iştirak edir və təlimi uğurla başa vurduqları halda BCF-in müvafiq beynəlxalq sertifikatı ilə təltif olunacaqlar.
 
Onu da bildirək ki, BCF-in qərarına əsasən, 2023-cü ildən etibarən BCF-in müvafiq sertifikatına malik olmayan məşqçilərə BCF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşayiət etməyə icazə verilməyəcək.
 
45 məşqçi ilə başlanan proqramın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest