Bizdə bir “məşqçi” var. Nə sirdirsə, hansısa klubda istefa söhbəti eşidən kimi, həmən qonşu ölkələrin birindən “cəlbedici təklif” alır.

15 ilə yaxındı “burda mənə qiymət verən yoxdu, gedəcəm” desə də, hələ də Azərbaycandadı. Açığı, heç qiyməti də yoxdu. Pulsuz işləsə belə, çox bahadı.

İnsafən, bir ara xaricdə çalışdı. Amma bu “mütəxəssis”in xaricdəki “uğurlu” karyerasından “şanlı” bir epizodu nəql edək, siz də agah olun.

Deməli, qonşu ölkədən təklif alıbmış. Danışıb, barışıblar. Klub rəhbərliyinə şərt qoyub ki, 2 azərbaycanlı köməkçisi olacaq. “OK” deyilsə də, rəhbərlik öz şərtini irəli sürüb ki, bəs köməkçilərindən biri mütləq qapıçılarla çalışan məşqçi olmalıdı...

Burda “hoca”nı ağlamaq tutur. Ətrafında belə birisi yox imiş. Vəziyyətdən necə çıxmalı? Axı hər dəfə iş təklifi olmur. Klublarımız, futbol adamları bunun əməllərini yaxşı bilirlər axı. Kimə necə torba tikdiyi, transferlərdən necə qazandığı, bir sözlə, yumurtadan necə yun qırxdığı az qala hamıya bəllidi. Vaxt itirmək olmazdı. Çox düşünmədən problemin özünəməxsus şəkildə həllinə çalışır.  Bilirsiz, necə?

Vaxtilə hücumçu olmuş dostlarından birini təxminən 15 günlük qapıçı-məşqçi kursuna göndərir. Vaxt tamam olanda, kadrını da qoltuğuna vurub, gedir qonşu ölkəyə.

Amma nəyinsə 40 gün ömrü olur axı. Klub rəhbərliyi “dahi” qapıçı-məşqçidən şübhələnir. Azacıq araşdırmadan sonra bəlli olur ki, qıvırcığın sırıdığı kəs uzun müddətdi əyalətdə - palçıqlı küçələrdə it döyürmüş. Təbii ki, qəşəng “kaznit”ləmə əməliyyatından sonra başlarını tərsinə qırxıb, ölkədən qovublar.

Sonra deyirlər ki, bizim məşqçilər ölkə xaricinə niyə çıxmır? Beləsindən Azərbaycan futbolu nə qazandı ki, əcnəbilər də nə öyrənsin?  

Amma yenə boş dayanmır. Milli komandaya iddialıdı, baş məşqçi postuna göz dikib! Danışdıqca batırlar, batırırlar. Səviyyə sıfır, təcrübə sıfır...

Yaxşı deyiblər, dəvəquşu başını kola soxsa da, quyruğundan xəbəri yoxdu. Bu zatlar ayıblarına kor olmaq əvəzinə, mənəviyyatdan, kişilikdən, dürüstlükdən dəm vurur...

Ağlınıza hansı “dahi”  gəldi?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest