Azərbaycan kubokunda ikinci finalçı məlum oldu. Matc.az saytı xəbər verir ki, “Zirə” ilə “Keşlə” arasında yarımfinal mərhələsinin cavab görüşü həlledici qarşılaşmada “Sumqayıt”ın rəqibini müəyyənləşdirdi.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunu
“Zirə” – “Keşlə” – 2:3
Qollar: Şəhriyar Əliyev, 48 (avtoqol); Klesio Bauk, 92 - Sezar Meza Kolli, 67, 90+1 (pen.), 93
Qırmızı vərəqələr: Lazar Corceviç, 88; Sərtan Taşkın, oyundan sonra
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr (“Zirə”): Rəşad Sadıqov, 90; Eltun Yaqublu, 90
Baş hakim: Elçin Məsiyev
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov (7. Tural Bayramlı, 96), 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k) (11. Klesio Bauk, 64), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui (12. Lazar Corceviç, 82), 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı (9. Davit Volkov, 46)
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 14. Fakundo Melivilo, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k) (79. Bahadur Həziyev, 82), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli (2. İlkin Qırtımov, 118), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov (9. Anatole Abanq, 46), 10. Sezar Meza Kolli (11. Silvio Rodriqes, 107), 91. Sadio Tonkara, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 44. Sərcan Omarov, 65. Mehdi Tahirov
Baş məşqçi: Sənan Qurbanov
29 aprel. Zirə İdman Kompleksinin stadionu, tamaşaçısız
İlk oyun – 2:1

Qəsəbə təmsilçilərinin ilk duelində səfər qələbəsi qazanan “Zirə” (2:1) matça rəqibindən rahat çıxmışdı. Çünki “Keşlə” Zirə İdman Kompleksinin stadionunda ən azı 2 top vurmalı idi. Premyer Liqanın son turlarına nəzər yetirdikdə hər iki komandanın heç-heçəyə meyilli olduğunu görərik. Elə aprelin 11-də bu arenadakı çempionat oyununda da qolsuz bərabərlik qeydə alınmışdı. “Keşlə”yə əsas stimul verən məqam uzunmüddətli qələbə həsrətinə 4 gün əvvəl “Səbail”lə qarşılaşmada son qoyması oldu. Sənan Qurbanovun rəhbərliyi altında ilk qalibiyyətini əldə edən “Keşlə” kubok görüşünə də ümidli çıxmışdı.

Baş məşqçilərin rotasiyası
Hər iki komandanın baş məşqçisi heyətdə yenə rotasiyaya əl atmışdı. Bu da başadüşüləndi. Çünki mövsüm sona yaxınlaşdıqca futbolçuların həm fiziki, həm də psixoloji cəhətdən yorğunluğunun qarşısını yalnız bu yolla almaq mümkündü. Rəşad Sadıqov ilk görüşdəki “11-lik”də 3 dəyişiklik etmişdi. Orta sahənin aparıcı siması Riçard Almeyda cəzalı idisə, əsas hücumçular Davit Volkovla Klesio Bauk ehtiyatdan başlamışdı. Onların əvəzinə “ASK Arena”da ehtiyatda qalan Elvin Camalov, İlkin Muradov və Musa Qurbanlı ilk dəqiqələrdən meydanda idi.

“Keşlə”dəki əvəzləmə sayı isə 4-ə çatmışdı. Qapıçı Kamal Bayramovla yanaşı, Rafael Məhərrəmli, həmçinin əsas heyət üzvləri Con Kamara və Anatole Abanqa bu dəfə şans verilməmişdi. Sənan Qurbanov “çərçivə”ni Stanislav Namaşkoya tapşırmışdısa, Vüsal İsgəndərli, Nicat Qurbanov və Turan Vəlizadə də start “11-liy”inə salınmışdılar.

Müdafiəni gücləndirmək planı, uğursuz seçim
Hər iki komanda “dördlü” müdafiə sisteminə üstünlük vermişdi. Volkovla Bauku ehtiyatda oturtmaq Rəşad Sadıqovun müdafiəni daha etibarlı və çox oyunçu ilə saxlamaq planından irəli gəlirdi. Elə vinger kimi meydana çıxan Rodriqo Bonqonqui də oyunu demək olar ki, meydanın özlərinə aid hissəsində keçirdi. Baş məşqçi ön xətdə yalnız Musanı saxlamışdı, ona ən yaxın oyunçu da kapitan Ağabala Ramazanov idi. Qonaqlarda isə iki mərkəz hücumçunu ehtiyatda saxlayan baş məşqçi Sezar Meza Kollini yenə o mövqedə oynadırdı. Ona cinahlardan Vüsal İsgəndərli və Nicat Qurbanov, geridən isə Rəhman Hacıyev kömək etməli idi.

İlk dəqiqələrdə “Keşlə” daha istəkli görünürdü. Komanda sanki erkən qol üçün tələsirdi. Ancaq onların tələsik hücum cəhdlərini və təzyiqini zirəlilər məharətlə dəf edirdilər. Dəqiqələr keçdikcə ev sahibləri matçda tarazlığı yaratmağa nail oldular. Ümumilikdə, meydanda daha çox topa yiyələnmək uğrunda mübarizə gedirdi. Keyfiyyətli oyun və yüksək tempdən danışmağa dəyməz. Hərçənd, bu amil “Zirə”nin ürəyincə idi. Komanda tempi “öldürərək” rəqibə aramsız hücumlar imkanı vermirdi. Müdafiənin önündə Hacıağa Hacılı, Elvin Camalov və İlkin Muradov səliqəli oyunla “Keşlə” futbolçularının qapıya yaxınlaşmasına imkan vermirdilər. Prinsipcə, Sənan Qurbanovun hücuma Meza Kolli ilə başlaması heç də uğurlu seçim deyildi. Çünki komandada hücumçunu topla təmin edəcək ikinci bir Sezar yox idi. Bu da paraqvaylının hücum keyfiyyətlərini yox edirdi. Komanda hücumçusuz oynadığından, bir neçə epizodda cinah asması zamanı qapı qarşısında “Keşlə”dən heç kim olmurdu.

Arxayınlıq, dəqiqələri “əritmək” cəhdi
Yalnız hissənin son 10 dəqiqəsində meydanda canlanma müşahidə olundu. Tempin bir qədər artması qapılar qarşısında təhlükəli vəziyyətlərin yaranmasına yol açdı. Xüsusən də, Tərlan Quliyev yaxın məsafədən çərçivəyə düşə bilmədi. “Zirə”nin həmlələri də Namaşkoya həyəcanlı anlar yaşadırdı. Musa Qurbanlının sürətdə rəqib müdafiəçilərinə uduzması əksər epizodlarda təhlükəli əks-hücumu yarımçıq kəsirdi.

Rəşad Sadıqov yorulan və inamı azalan rəqib önündə əsas silahını – Volkovu fasilədən sonra döyüşə atdı. Gənc mütəxəssisin bu seçimində necə haqlı olduğunu sübut etmək üçün cəmi 3 dəqiqə vaxt lazım oldu. Məhz Volkovun sürətli keçidindən sonra ötürməsinə Şəhriyar Əliyev uğursuz toxunuşla hesabı açdı. Əslində, bu qol da “Keşlə” üçün böyük faciə deyildi. Çünki komanda yenə 2 qol vuracağı təqdirdə, ümidini qoruyacaqdı. “Keşlə”də Volkovla eyni vaxtda Abanq da oyuna qoşulmuşdu. Bu, Meza Kollinin öz mövqeyinə dönməsinə şərait yaratdı ki, məhz bundan sonra paraqvaylının əl-qolu açıldı. 66-cı dəqiqədə rəqibin iki müdafiəçisini bir hərəkətlə sıradan çıxaran Sezar komandasını ümidləndirən qola imza atdı. “Keşlə”nin hesabı bərabərləşdirməsində zirəli futbolçuların da rolu az olmadı. Çünki komanda hesabı açdıqdan sonra xeyli arxayınlaşdı, matçın sonuna uzun müddət vaxt qalsa da, sadə ötürmələrlə tempi aşağı salmağa, dəqiqələri “əritməyə” çalışırdılar.

Hər şeyi dəyişən mübahisəli qərar
Buraxılan qoldan sonra tez toparlanan Rəşad Sadıqovun kollektivi üçün hər şey yaxşı gedirdi. Ta ki son dəqiqədə təyin edilən mübahisəli penaltiyə qədər. Doğrudu, qol üçün “Keşlə” hücuma atılmışdı, ancaq ev sahibləri bu təzyiqdən çıxa bilirdi. Lakin Abanqla Lazar Corceviç arasında topsuz sahədə nə yaşandısa, birinci yerə yıxıldı və Elçin Məsiyev penalti nöqtəsini göstərdi. Bu azmış kimi, Corceviç meydandan, qərara sərt etiraz bildirən Rəşad Sadıqov “texniki zona”dan qovuldu. Meza Kollinin penaltidən vurduğu qol hər şeyi “Keşlə”nin lehinə çevirdi. Əlavə olunmuş vaxtın əvvəlində Sezarın uzaq məsafədən möhtəşəm qolu artıq məsələyə nöqtə qoydu.

Ancaq “Zirə”nin bu cür mübahisəli penaltiyə, 10 nəfərlə qalmasına, baş məşqçisinin qovulmasına baxmayaraq, mübarizliyi alqışalayiq haldı. Komanda xüsusən də, əlavə edilmiş ikinci 15 dəqiqəni olduqca fəal keçirdi. Sanki meydanda azlıqda oynayan tərəf “Keşlə” idi. Görüşün sonlarında “Zirə” artıq va-banka getmişdi. Düzdü, fərqi minimuma endirdilər, hətta bərabərlik topunu da vura bilərdilər. Son dəqiqələr Rəşad Sadıqovun komandasının həm fiziki, həm də psixoloji baxımdan necə hazırlıqlı olduğunu göstərdi. Lakin Stanislav Namaşko seyvləri ilə Meza Kollinin het-trikinin hədər olmasına imkan vermədi.

Beləliklə, sönük başlayan, dramatik sonluqla yekunlaşan dueldən üstün ayrılan “Keşlə” səfərdə çox qol vurduğu üçün finala yüksəldi. “Zirə” isə bundan sonra avokuboklara vəsiqə üçün son ümidini Premyer Liqaya bağlamalıdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest