Premyer Liqada XXIII turun ikinci oyun günündə turnir cədvəlinin son pillələrində qərarlaşan komandalar üz-üzə gəldi. Matc.az saytı xəbər verir ki, mövsümün gedişində baş məşqçi dəyişikliyindən sonra oyun planında irəliləyiş olan “Keşlə” ilə “Sabah” qarşılaşdı.

Premyer Liqa
XXIII tur
“Keşlə” – “Sabah” – 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
17 aprel. “ASK Arena”, tamaşaçısız

“Keşlə”: 85. Kamal Bayramov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli (91. Sadio Tonkara, 46), 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev (99. Rafael Məhərrəmli, 86), 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq (11. Silvio Rodriges, 69), 29. Yevgeni Koçuk, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev, 64. Kənan Cəfərov
Baş məşqçi: Sənan Qurbanov
“Sabah”: 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 30. Mario Marina, 9. Xulio Sezar Rodriges, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko (33. Camal Cəfərov, 84)
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 31. Rustam Samigullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev
Baş məşqçi:  Ramin Quliyev

Hər iki komandada 3 dəyişiklik
“Keşlə” Sənan Qurbanovun gəlişindən sonra heç-heçələri sıralayıbsa, “Sabah” Ramin Quliyevin rəhbərliyi altında son iki matçda 4 xal toplayıb. Hər iki komanda qolsuz bərabərə qaldığı ötən turla müqayisədə start heyətində 3 dəyişiklik etmişdi. Silvio Rodriges və Sadio Tounkaranı ehtiyatda saxlayan ev sahiblərinin çalışdırıcısı onların əvəzinə Yevgeni Koçuk və uzun fasilədən sonra yaşıl meydanlara dönən Sezar Meza Kollini meydana buraxmışdı. “Zirə” ilə qarşılaşmada zədələnən Tərlan Quliyevi isə İlkin Qırtımov əvəz edirdi. “Sabah”da cəzalı Aleksey İsayevin yoxluğunda Kevin Kubemba ilk dəqiqələrdən meydanda idi. Saşa Stamenkoviçlə Amin Seydiyevi ehtiyatda saxlayan Ramin Quliyev onların əvəzinə müvafiq olaraq Nicat Mehbalıyev və Zurab Oçiqavaya güvənmişdi.

4 hücumçulu “11-lik”
“Keşlə”nin oyun üslubu dəyişməz qalmışdı. Yalnız bir məcburi mövqe seçimi var idi. Mərkəz müdafiəçisi problemini Azər Salahlı doldurmalı idi. Meydan sahibləri standart 4-3-3-lə mübarizə aparırdı. Müdafiə olunarkən isə bu sistem 4-5-1-ə çevrilirdi. Ramin Quliyev daha cəsarətli “11-lik” meydana buraxmışdı. Gənc çalışdırıcı birdən-birə 4 hücumçuya şans vermişdi. Ramil Şeydayevlə Xulio Sezar Rodriges mərkəz hücumçusu funksiyasını icra edir, Kevin Kubemba və Fofana Tiemoko cinahlardan onlara dəstək verirdi. Komanda topa sahib olarkən oyun sistemi 4-2-4 kimi görünürdü. Filip İvanoviçə isə yenə müdafiənin sağ cinahındakı boşluğu doldurmaq tapşırığı verilmişdi.

Qapıçılar üçün əziyyətsiz 45 dəqiqə
Hər iki komanda hücumameyilli heyətlə çıxış etməsinə baxmayaraq, birinci hissə barədə o qədər də xoş fikirlər söyləmək mümkün deyil. “Keşlə” oyunçuları nisbətən daha kompakt görünürdü. Çünki komanda bir qayda olaraq eyni anda hücuma çıxa və müdafiə oluna bilirdi. Ancaq orta sahədə Sezar Meza Kollinin fəallığı nə cinahların, nə də mərkəz hücumçusu Anatole Abanqın irəlidə kəsərli olmasına kömək edirdi. “Sabah” oyunçularının isə bu sistemə uyğunlaşmaqda çətinlik çəkdiyi görünürdü. Çünki rəqibin hücumları zamanı 4-4-2 sisteminə uyğun cinahdakılar müdafiəyə lazımi köməyi göstərmirdilər. Bu, İvanoviç və digər cinahdakı Təmkin Xəlilzadənin hücuma çıxarkən irəli çox atılmasına da mane olurdu. Orta sahədə oyunçu sayı az olduğundan, hücumçuları topla təmin etmək də çətinləşirdi. Bir sözlə, “Sabah”da müdafiə ilə hücum arasında əlaqə, demək olar ki, qopmuşdu. İrəlidə 4 oyunçunun qalmasının yeganə üstünlüyü pressinq sayəsində rəqibin müdafiədən çıxmasına əngəl törətmək idi. Birinci hissədə əsasən topa sahib olma və diktə etmə “savaşı” izlədik. Bu da düşünülmüş hücumlara, real qol vəziyyətlərinin yaranmasına imkan vermədi. Nəticədə ilk 45 dəqiqə qapıçılar üçün rahat keçdi.

Fayda verməyən qısamüddətli fəallıq
“Keşlə” ikinci hissəyə bir mövqe dəyişikliyi ilə başladı. Vüsal İsgəndərliyinin əvəzinə oyuna qoşulan Tounkara sağ cinahda çıxış etməli idi. Bu addım rəqibin həmin cinahdakı üstünlüyünə mane olmaq üçün atılmışdı. Ancaq bu gediş əks-təsir göstərdi. “Sabah” ikinci hissənin əvvəllərində məhz həmin mövqedən iki real qol vəziyyəti yaxaladı. Xüsusən də, Fofananın tirə tuş gələn zərbəsi zamanı bəxt “Keşlə”nin yanında oldu. Meydan sahibləri də bu hücumları cavabsız qoymurdu. Hər iki komanda nisbətən sürətli və açıq futbola keçdiyindən, ikinci yarıda temp də artdı. Ancaq bu da uzun sürmədi. Sürətli oyun yenidən yerini top uğrunda mübarizəyə verdi. Hər iki tərəfin ötürmələrdə tez-tez səhvə yol verməsi qol vəziyyətlərini yenidən kasadlaşdırdı. Adətən belə matçlarda standart vəziyyətlər xüsusi önəm daşıyır. Lakin cərimə və künc zərbələri yalnız qapıçılara müəyyən dərəcədə həyəcan yaşatmaqla yadda qaldı. Ara-sıra təhlükəli həmlələri nəzərə almasaq, qarşılaşma ən ədalətli nəticə ilə - 0:0 hesablı bərabərliklə yekunlaşdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest