Tanınmış ingilis mərkəz müdafiəçisi Kris Smollinq karyerasını "Porto"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər artıq müqavilə şərtlərini razılaşdırıblar, lakin müqavilənin müddəti barədə məlumat verilmir. Yaxın vaxtlarda Smollinq "Porto"da tibbi müayinədən keçəcək və bundan sonra yeni komandasına qoşulacaq.
36 yaşlı ingilis futbolçu "Porto"ya azad agent statusunda keçəcək. O, cari ilin yayında Səudiyyə Ərəbistanının "Əl-Fayha" klubu ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra klubsuz qalıb. Təcrübəli müdafiəçi bu klubda 2024-cü ildən çıxış edirdi.
Buna qədər Smollinq "Meydstoun", "Fulhem", "Mançester Yunayted" və "Roma" klublarında oynayıb. O, İngiltərə milli komandasının heyətində 31 matçda meydansa çıxıb və 1 qol vurub.
Xatırladaq ki, hazırda "Portu" Portuqaliya çempionatında keçirdiyi 7 turdan sonra maksimum göstərici – 21 xalla turnir cədvəlinə başçılıq edir.













