Sebastyano və Françesko Pio Espozito son 111 ildə İtaliya millisinin start heyətində birlikdə meydana çıxan ilk qardaş dueti olublar.
Matc.az xəbər verir ki, bu barədə "OptaPaolo" nəşri məlumat yayıb.
İtaliya yığması Millətlər Liqasının II turunda səfərdə Türkiyəni 4:1 hesabı ilə məğlub edib. Sözügedən matçda hücum xəttində Cako Raspadori ilə yanaşı, iki doğma qardaş – "İnter"dən Françesko Pio Espozito və "Sassuolo"dan Sebastyano Espozito eyni anda start heyətində meydana çıxıblar.
Onlar İtaliya millisinin tarixində eyni vaxtda meydanda olan dördüncü qardaş cütlüyü kimi tarixə düşüblər. Buna qədər analoji uğura Filippo və Simone İndzagi (2000-ci il), Aldo və Luici Çevenini (1915), həmçinin Cüzeppe və Feliçe Milano (1912–1913) imza atıblar.
Bununla belə, İndzagi qardaşları heç vaxt komandanın start heyətində birlikdə yer almayıblar. Beləliklə, Espozito qardaşları son 111 ildə İtaliya millisinin əsas heyətində eyni vaxtda meydana çıxan ilk qardaşlar olublar.
Qeyd edək ki, qardaşlardan böyüyü, 24 yaşlı Sebastyano üçün Türkiyəyə qarşı oyun millidə debüt matçı olub. 21 yaşlı Françesko isə yığmada 11-ci oyununa çıxıb və milli komandada 6-cı qolunu vurub.
Françesko Espozito 21 yaş 92 günlüyündə İtaliya yığmasının tarixində 5-dən çox qol vuran üçüncü ən gənc hücumçu olub. Daha gənc yaşda 5 qol həddini yalnız Cüzeppe Meatsa (19 yaş 261 gün) və Canni Rivera (21 yaş 78 gün) keçməyi bacarıblar.
Xatırladaq ki, bundan əvvəl Françesko Pio Espozito dünyada 22 yaşadək ən yaxşı mərkəz hücumçularının reytinqinə başçılıq edib.













